Sulh.info.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, tanışına qarşı 210 min dollarlıq dələduzluqda təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-Külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham olunub.
Məhkəmədə A.Nəsibov özünü təqsirli bilmədiyini deyib. O, xaricdən müxtəlif malların və avtomobillərin idxalı ilə məşğul olan iş adamı Adildən faizlə 260 min dollar borc aldığını və 11 ay ərzində ona 273 min dollar qaytardığını deyib: "Adili 1983-cü ildən tanıyıram. Onunla birgə bir vaxtlar Dərnəgül prospektində yerləşən "Avto detal" zavoduna işləmişəm. 2018-ci ildə Adillə görüşüb avtomobil satışı işinə başladıq. Adil demişdi ki, avtomobillərin Azərbaycana gətirilməsi və satılması işinə qarışmayacaq, bu işə görə yalnız pul verəcək və mənə verdiyi pulun 5 faizini qazanc kimi hər ay götürəcək. Mən də razılaşdım. 2019-cu il tarixdə 14 saylı notariat ofisində razılaşma imzaladıq. Razılaşmaya görə əldə olunacaq gəlirin 50 faizini Adilə verməyi öhdəmə götürdüm. Əslində Adil pulu mənə sələmə verib. Lakin razılaşmada pulu mənə faiz kimi verdiyini göstərmək istəmirdi. Adilə təklif etdim ki, bu işlərdə yaxşı qazanc götürmək olar, lakin bu işi Bəhruzla görmək lazımdır. Beləliklə Çindən mal gətirmək işi ilə məşğul olan Bəhruzu bu işə qoşduq".
Abbasqulu Nəsibov Adildən aldığı pulun böyük hissəsini xarici ticarətdə ixtisaslaşmış Bəhruza verdiyini, lakin gözlədiyi qədər gəlir əldə edə bilmədiyini deyib. O, qeyd edib ki, Adildən aldığı pulların hamısını qaytarsa da, qarşı tərəf ondan böyük miqdarda faiz pul tələb edir: "Avtomobil satışından gəlir götürə bilmədik, çünki maşın alan şəxslərin bəziləri hələ də mənə borcludur. Eləsi var ki, 74 min manat borcu var. İndiyədək Adildən götürdüyüm pulun faizi kimi 266.500 manat pul vermişəm. Həmin pulun 102.000 dollarını Bəhruz verib ki, Adilə verim. Ümumiyyətlə, Adil çox məlumatı düz demir. Vaxtilə bacımın mərhum əri mənə borclu olduğu üçün əvəzində 7 kq qızıl verməyi söz vermişdi. O, öldürüldüyü üçün qızılları mənə verə bilmədi. Mən də Adilə zarafatyana demişdim ki, mənə 7 kq qızıl veriblər və kənddə basdırılıb, lakin harada basdırdığımı tapa bilmirəm. Adil isə təkidlə mənə deyirdi ki, onu kəndə aparım, özü qızılı tapacaq. Əlacsız qalıb Adili Kürdəmir rayonu, Ərəbxana kəndinə aparmışdım. Orada qardaşım Əliqulu söhbəti bilib mənə dedi ki, Adilə düzünü danışım".
Təqsirləndirilən şəxsin qardaşı da şahid kimi ifadəsində qardaşı Abbasqulunun tanışı Adillə birgə kəndə qızıl axtarmağa gəldiyini təsdiqləyib: "Həmin ərəfələrdə kənddə kafe işlədirdim. Qardaşım və tanışı Adil yeməkxanaya gəldilər, Adili ilk dəfə həmin vaxt gördüm. Abbasquludan nə əcəb Adillə kəndə gəldiyini soruşdum. Abbasqulu dedi ki, yalandan Adilə deyib ki, ata evinin həyətində qızıl basdırılıb, həyəti qazıb qızılı çıxaracaq. Ona görə də, Adilin təkidi ilə kəndə gəlib. Adil də, deyirdi ki, ekskvator gətirib həyəti qazaq. Qardaşımı kənara çəkib dedim ki, həyətə gəlib qazsalar, biabır olarıq. Bundan sonra Adilə həqiqəti dedik. Abbasqulu mənə demişdi ki, Adildən 650.000 dollar sələmə pul götürüb, pulun 400.000 dollarını Çindən santexnik mallarını gətirib satışı ilə məşğul olan Bəhruza verib. Bəhruz Çindən həmin pulla mal sifariş verib. Qalan pulları isə avtomobil ticarətinə xərcləyib. Çindən mallar gəlmədiyi üçün Adilə vəd verdikləri pulun faizini verə bilmirlər. Sonra Adil mənə zəng vurub görüşmək istədiyini bildirdi. Adil Abasquluya verdiyi pulun mayasını və faizlərini geri tələb edirdi, bildiyimə görə faizlərlə birgə 1 milyon 100 min dollar tələb edirdi".
Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Adil Babayev Abbasqulu ilə yanaşı Bəhruzun da onu aldatdığını bildirib və məsuliyyətə cəlb edilərək ağır cəzalandırılmasını istəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses bir neçə gün əvvəl başa çatıb. 68 yaşlı Abbasqulu Nəsibova 7 il 6 ay həbs cəzası verilib. Həmçinin ona qarşı irəli sürülən 442 min manatlıq mülki iddia təmin edilib.