Sulh.info.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Amerikada yaşayan müğənnimiz Elariz Məmmədoğlu deyib.
"Hər dəfə ayağa qalxıram ki, Bakıya gedim, tərslikdən ayrı-ayrı ştatlardan 10-12 toy gəlir, mən də təyyarəyə minib, işimin arxasınca gedirəm. Mənim xoşbəxtliyim ondadır ki, Amerikada da öz işimlə məşğulam. Hər dəfə sənətimlə müvəffəqiyyət qazananda oxuduğum 16 nömrəli musiqi məktəbini, həmin məktəbdə solisti olduğum xor dərnəyini, vokal dərsi aldığım müəllimləri, Mədəniyyət və İncəsənət universitetini, aktyor-rejissor pedaqoqlarımı, Hüseyn Cavid adına 132 nömrəli məktəbin müəllimlərini, idmanla məşğul olduğum OİK-ni, İçərişəhərin küçələrini minnətdarlıq hissi ilə xatırlayıram. Amerikada Azərbaycan dilində mahnılarımı oxuyanda inglislər də rəqs edir. Çünki, musiqinin dili yoxdur. Yeni gəlmişdim, restoranda "Azəri torpağı" mahnısını ifa edirdim. Bir də gördüm ki, azərbaycanlılarla bərabər, həm də xaricilər rəqs edir. Bundan böyük xoşbəxtlik ola bilərmi?" deyə sənətçi bildirib.
Müğənni "Elariz Amerikada taksi fəaliyyəti ilə məşğuldur" başlıqlı çıxan xəbərlərə də münasibət bildirib.
"2023-cü ilin əvvəlindən mənim "Amerikadan salam" adlı albomum çıxıb. Əgər taksi fəaliyyəti ilə məşğul olsaydım, ən azı 10 mahnını yazdıra bilərdim?! Sensasiya xatirinə yazılan yazıları bəzi sayt müxbirləri çörək qazanmaq üçün edirlər. Eybi yox, təki mənim adımla ailələrinə ruzi aparsınlar. Axı onların da yaşamaq haqqı var" deyə sənətçi deyib.
Elariz Məmmədoğlu bildirib ki, tək həyat yoldaşı ilə Amerikaya gedib.
"Mənə elə gəlir ki, Amerikada məni gözləyirdilər. "Green-card" qazandığımı bilən dostlarım o dəqiqə zəng edib dedilər ki, "gəl biz səni burada necə lazımdır qarşılayacağıq". Sağ olsunlar, onların hamısına təşəkkür edirəm. 21 yaşa qədər düşür övladla Amerikaya gəlmək. Mənim böyük övladımın 31, oğlumun 29, digər oğlumun isə 26 yaşı var. Heç biri ilə gəlməmişəm. Tək həyat yoldaşımla gəlmişəm. 4 nəvəm var, onlar üçün çox darıxıram. 4-cü nəvəm Amerikada olanda dünyaya gəlib. Sosial şəbəkələrdə çox yazıb, soruşurlar ki, "biz necə gələk?". Deyirəm ki, "green-card" udun, gəlin" deyə müğənni bildirib.