Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, son günlər Azərbaycan hökumətinin İran vətəndaşlarına sərhəddə (hava limanı və quru sərhədlərdə) viza verilmə prosedurunun ləğv edilməsi, qonşu ölkə vətəndaşlarının ya "ASAN VİZA", ya da bizim İrandakı konsulluq vasitəsi ilə viza alaraq ölkəyə gələ bilməsi qərarı çox doğru qərardır və quru sərhədlərin açılmasına hazırlıq göstəricisidir.
"Ehtimal var ki, bu həftə hökumət rəsmən pandemiya ilə bağlı bütün qərarların ləğv edilməsini elan etməklə yanaşı quru sərhədlərin açılması ilə də bağlı qərarını verəcək. Artıq bu məsələnin rəsmi olaraq “pandemiya” ilə əlaqələndirilməsi mümkün deyil. Ümid var ki, hökumət insanların çoxdan gözlədiyi və hüquqi olaraq doğru olacaq qərarı bu günlərdə verəcək".
Ekspertin sözlərinə görə, yaxşı olardı ki, Azərbaycan hökuməti “pandemiya” dövründə qadağalarla bağlı vətəndaşa və biznesə verilən cərimələr məsələsini də həll etsin: "İndiyədək cəriməsi olanların borcu ləğv edilsin, “pandemiya” dövründə cərimə ödəmiş vətəndaşlara isə həmin vəsait geri qaytarılsın. Bunun çox asan mexanizmləri var. Məsələn, həmin vəsait cərimə ödəmiş vətəndaşların kommunal xidmət borclarından hər ay kiçik məbləğlərlə 1 il ərzində silinə bilər"./olke.az