​“Belə davam etsə, insan itkisi qaçılmazdır” - VİDEO

​“Belə davam etsə, insan itkisi qaçılmazdır”
14:12 20.06.2023
142 Ölkə
A- A+
Şəmkir şəhərinin “Kraz yolu” adlanan hissəsində yaşayan sakinlər evlərinin olduğu yerə tez-tez sel gəlməsindən və onlara böyük maddi ziyan vurmasından şikayətçidir.

"Qafqazinfo”-ya müraciət edən Ətir Zeynalova bu ilin 3 iyun tarixində baş vermiş selin ona məxsus olan evin hasarını, darvazasını, köməkçi tikililəri yuyub apardığını bildirib.
O, sel nəticəsində 6 min manatdan artıq maddi ziyanla qarşılaşdığını, lakin cavabdeh qurumların onların problemləri ilə maraqlanmadığını deyir: “Həmin gün axşam saat 8-də güclü leysan yağdı, dolu düşdü, gözləmədiyimiz halda sel gəldi, həyətimizdə nə vardısa yuyub apardı. Xoşbəxtlikdən həyətdə deyildik, yoxsa, həyatımız risk altına düşəcəkdi. Yaşadığımız ərazidən kanal keçir, güclü yağış yağanda sular həmin kanalla axıb gedir. Lakin bir müddətdir həmin kanalın keçdiyi ərazi bir xanıma satılıb. Əgər kanalın üzərində nə isə tikilsə, ümumiyyətlə, qorxunc vəziyyət yaranacaq. Çünki su axıb getməyə yer tapa bilməyəcək və daha böyük subasma baş verəcək”.
Şikayətçi bildirib ki, yaranmış vəziyyətlə bağlı aidiyyəti qurumlara müraciət ediblər: “Bununla bağlı dəfələrlə Şəmkir Rayon İcra Hakimiyyətinə, bələdiyyəyə, icra nümayəndəliyinə getmişəm, rəsmi şəkildə müraciətlər etmişəm. Lakin hər dəfə bizi yola verirlər, səslərini yüksəldib bizi susdurmağa çalışırlar. Haranı istəyirlərsə satırlar, biz sakinləri isə heç düşünmürlər”.
Ə.Zeynalova son olaraq iyunun 18-də axşam saatlarında yağan güclü yağışdan sonra da yaşadığı “Kraz yolu” adlanan ərazidən və həyətlərindən güclü sel keçdiyini bildirib: “Bu ərazidə əvvələr belə hal olmayıb. İndi torpaqlar qanunsuz olaraq satıldığı üçün çətin durumla üzləşmişik. Əgər belə davam edərsə, insan itkisi də qaçılmaz ola bilər. Ya da uzun illərdir min bir əziyyətlə tikdiyimiz evləri tərk edib getməliyik. Xahiş edirik, dövlət qurumları müdaxilə etsinlər”.
Məsələ ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyətinə və yerli bələdiyyəyə sorğu ünvanlasaq da, hələ ki, rəsmi qurumlardan cavab verilməyib.