Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məlekə Abbaszadənin bu gün səsləndirdiyi fikirlərə deputat Etibar Əliyev reaksiya verib.
Məleykə Abbaszadənin sözlərinə görə, hər il qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən uşaqların heç olmasa bir valideyni ali təhsillidir: "Ən yüksək nəticə göstərən məzunların nəticəsi valideynlərinin təhsilindən asılıdır. Bu elmi əsaslı faktdır".
Deputat bu fikirlərə reaksiya verərək bildirib ki, bu məsələdə məktəbin də rolu əsasdır:
"Böyük Amerika pedaqoqu və filosofu Dyüinin fikrincə, məktəbin vəzifəsi uşağın beynini ən müxtəlif məlumatlarla doldurmaqdan yox, onda hər bir insanın malik olduğu qabiliyyət və təmayülləri, istedad nişanələrini oyatmaq və inkişaf etdirməkdən ibarətdir. Bizim məktəblər bunu yetərincə bacarırmı? Bu sualı həm də Emin Əmrullayevə verirəm. Valideynlərin Ali təhsilli olmaları əsasən nəyi dəyişir?
Dahi şəxsiyyətlərin bioqrafiyası ilə tanışlıqdan deyim ki, onların böyük kəsimi uşaq vaxtı valideynlərini itiriblər. Onlar məktəb təhsilinin və valideynlərinin onlara miras qoyduqları kitabxananın ümidinə qalıblar. Ali təhsilli valideynlər uşaqlarına nəyi öyrədirlər? Onlarda yatmış istedad nişanələrini oyada bilirlərmi? Özləri və övladları üçün kitabxana qura biliblərmi? Məktəbin funksiyasını dərk edirlərmi? Fərz edək valideyn filoloqdur. Övladı təbiət elmlərini seçirmi? Yaxud riyaziyyatçının övladı riyaziyyat, yaxud fizika ixtisasını seçirmi? Bizim mentalitetdə ali təhsilli valideynlər övladladlarına istiqamət verir, repetitorlara nəzarət edir və övladlarının təhsillərini normal şəkildə maliyyələşdirirlər".