​Ermənistanın sərhəddə tikdiyi zavod haqda YENİ FAKT: Serj Sarkisyana bağlılıq ortaya çıxdı

​Ermənistanın sərhəddə tikdiyi zavod haqda YENİ FAKT:
12:34 22.06.2023
158 Ölkə
A- A+

Ermənistan Azərbaycanla - Naxçıvan Muxtar Respublikası ilə sərhədin 800 metrliyində iri metallurgiya zavodunun inşasını həyata keçirir. Azərbaycan haqlı olaraq bəyan edir ki, bu zavodun tikintisi regionun ekoloji durumuna ciddi təsir göstərəcək. Ermənistan hər vəchlə zavodun tikintisini davam etdirmək istəyir. Bunun üçün bəzi iddialar da irəli sürülür. Bildirilir ki, guya zavod ABŞ investisiyası ilə tikilir. Həmin ərazidə ABŞ bayrağı da qaldırıblar ki, guya bununla Azərbaycan zavodun tikintisinə mane olmayacaq.

Bəs əsl həqiqət necədir? Doğrudanmı Arazdəyəndəki zavod ABŞ investisiyası ilə tikilir?

 Ermənistan mətbuatında bununla bağlı ilginc məlumat yayılıb.

Ermənistan Ədliyyə Nazirliyinin hüquqi şəxslərin reyestrinə əsasən, zavodun bir sahibi var ki, bu da “GTB Holdings” MMC-dir. Sonuncunun isə iki səhmdarı var: ABŞ vətəndaşı, milliyyətcə hindistanlı Bobbi Sinq Kanq, Nono və Armen Sarkisyan. Vazgen Sarkisyanın (Ermənistanın sabiq müdafiə naziri) qardaşı Armen Sarkisyanın oğlu və qızı.

“GTB Holdings” MMC-nin təsisçisi 2022-ci ilin iyul ayında dövlət qeydiyyatına alınmış “GTB Steel” MMC-dir.

Hüquqi şəxslərin dövlət reyestrinə əsasən, şirkətin səhmlərinin 50%-i hazırda ABŞ-da qeydiyyatdan keçmiş “Cies Global Investments” MMC-yə, digər 50%-i isə yenidən ABŞ-da qeydiyyatdan keçmiş “Virtual Funding” MMC-yə məxsusdur. Kadastr sənədlərinə görə, fabrikin yerləşdiyi yerlər keçmiş hakimiyyət dövründə ən əlverişli və imtiyazlı şirkətlərdən biri olan “Berriutyun” istehsalat birliyindən icarəyə götürülüb. Mətbuat bunu sabiq prezident Serj Sarkisyanın yaxın dostu Barseq Beqlaryanın adı ilə əlaqələndirir.

Bu, “GTB Holdings” MMC-ni üçüncü prezidentin adı ilə birləşdirən yeganə məqam deyil. Bu şirkətin rəsmi saytı Şri-Lankada qeydiyyatdan keçib, lakin qəribə təsadüf nəticəsində “GTB STEEL” MMC-nin qeydiyyat ünvanı Serj Sarkisyanın kürəkəni Mikael Minasyana məxsus olan evlə üst-üstə düşür - Proşyan küçəsi 12.

Ermənistan hökumətinin elektron reyestrində Armen Sarkisyanın kürəkəni Qriqor Ter-Qazaryan “GTB STEEL” MMC-nin 5 faizinin səhmdarı kimi qeyd edilib. Məlum olub ki, bu, metallurgiya zavodundan Mikael Minasyana qədər uzanan daha bir nazik sapdır. Qriqor Ter-Qazaryan “GTB Holdings”-in direktorlar şurasının sədridir və hətta bir müddət əvvəl onun Vatikandakı keçmiş səfiri Mikael Minasyanın yerinə təyin oluna biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Bəs o zaman metallurgiya zavodunun arxasında həqiqətən kim dayanır? Cinayət işi ilə bağlı Ermənistana gəlmək imkanından məhrum olan Mikael Minasyan, yoxsa hindistanlı Bobbi Sinq Kanq? “Hraparak” nəşri bu məsələ ilə bağlı iqtisadiyyat naziri Kerobyana da müraciət edib, amma o, nə zənglərə də, rəsmi sorğuya cavab verib.