Bu təhsil formasında dərslər və pedaqoji mühazirələr uzaqdan (distant) formada aparılır və yaxud evdən fərdi müəllimlərin dərsləri keçməsi yolu ilə həyata keçirilir. Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyindən Referans.az-a bildirilib ki, sözügedən təhsil forması ilə bağlı yeni imkanlar üzərində müzakirələr aparılır.
“Ölkəmizdə inklüziv təhsil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2023-cü il tarixli 43 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnklüziv təhsilin təşkili Qaydası”na əsasən həyata keçirilir. İnklüziv təhsilin təşkili Qaydasının 2.1.5-ci bəndinə əsasən müəssisənin infrastrukturunun sağlamlıq imkanları məhdud uşaq üçün müyəssər olması şagirdin inklüziv sinfə qəbul olunması üçün mühüm meyarlardan biridir. Qeyd olunanları nəzərə alaraq müvafiq təhsil müəssisəsinin infrastrukturu sağlamlıq imkanları məhdud uşağın fiziki məhdudiyyəti üçün müyəssərdirsə, şagird psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə həmin təhsil müəssisəsində inklüziv sinifdə təhsilə yönləndiriləcəkdir”.
Təhsil eksperti Elçin Əfəndi inklüziv təhsilin mahiyyətindən danışıb.
“İnklüziv təhsillə bağlı dövlət başçısının prioritet olaraq müvafiq qurumlar qarşısında qoyduğu sərəncam var. Hər bir vətəndaş üçün təhsilin əlçatanlığı təmin olunmalıdır. Bu gün ölkəmizdə sağlamlıq imkanları məhdud şəxslər var və biz bu cür şəxsləri ümumi prosesdən kənarda saxlamamalıyıq. Yəni təhsilin əlçatanlığı onlar üçün təmin olunmalıdır. İnklüziv təhsilin də təbii ki, özünəməxsus xüsusiyyətləri var. Düşünürəm ki, ən azından sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması baxımından bu layihənin həyata keçirilməsi vacibdir”.