Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 4 ünvanında yerləşən binada yaşayış ola-ola, özəl şirkətlərdən biri söküntü işləri aparır.
Bu barədə Xəzər xəbər məlumat yayıb. Binada yaşayan sakinlər söklən mənzillərin qarşılığında onlara heç bir kompensasiyanın təqdim olunmadığını və sənədlərində hər hansı bir razılaşmanın edilmədiyini bildirilir.
Hətta Bəzi mənzillər məhkəmə qərarı ilə toxunulmaz elan edilsə də, buna məhəl qoyan olmayıb. Bəs bu halda vətəndaşlar nə etməlidir?
Məsələ ilə bağlı Metbuat.az-a danışan əmlak eksperti Ramil Osmanlı qeyd edib ki, ölkəmizdə təmir və yenidənqurma işləri düzgün aparılmır. İnsanlar yaşaya-yaşaya söküntü aparmaq doğru deyil:
"Tikinti və bərpa işləri müxtəlif məsələlərdir. Əgər hər hansı bir binada əsaslı təmir işləri gedirsə, yenidənqurma aparılırsa, insanların giriş-çıxışına icazə verilmir. Eyni zamanda tikinti standartları da bu məsələdən imtina edir. Cari təmir işləri yaşayış yerlərində aparıla bilər. Amma bu, təmir işlərinin binanın hansı yerində olmasından asılıdır. Ümumi standartlar var.
Təəssüflər olsun ki, ölkəmizdə təmir və yenidənqurma işləri düzgün aparılmır. Söküntü aparan zaman hətta bəzən mülkiyyətçi deyir ki, bura ilə bağlı sərəncam var. İnsan yaşasa belə, söküntü aparılacaq. Bu, belə olmamalıdır".
Onun sözlərinə görə, şirkət hər hansı söküntü işlərinə başlamazdan əvvəl qanuni yolla razılaşma əldə etməlidir:
"İnsan binadan çıxmırsa, binanı sökmək çıxış yolu deyil. İnsanların əvvəlcə təxliyəsi təmin edilməlidir. Bu, məhkəmə, hüquq-mühafizə orqanlarının və ya qarşılıqlı razılaşma ilə ola bilər. Təxliyə olduqdan sonra binada söküntü işləri aparıla bilər.
Bəzən sakinlər deyir ki, tikinti şirkəti evimizin içindəki əşyalarla binanı sökdü. Təbii ki, bu qanunvericiliyin tələblərini pozmaqdır. Müxtəlif formada səlahiyyətlərdən, əlindəki inzibati və maddi resurslardan istifadə edərək insanların hüquqlarını mədudlaşdırmaqdır. Bununla bağlı qanunvericilik müəyyən məsuliyyə normaları nəzərdə tutulub".