Bu hal özünü ictimai yerlərdə və nəqliyyatda daha çox göstərir. Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı Referans.az-a danışıb.
“Pandemiyadan sonra insanlarda aqressiya və əsəbilik daha da artıb. Bu psixoloji olaraq həssas olan insanlarda daha çox özünü göstərməyə başladı. Burada başlıca səbəblər işsizlik, maddi problemlər və sosial fəaliyyətsizlikdir. Hətta bəzən bu hallar özünü intihar və cinayət formasında belə göstərə bilir. Cəmiyyətimizdə ən böyük problemlərdən biri də insanlar arasında empatiya duyğusunun olduqca aşağı olmasıdır. Əksər insanlar demək olar ki, heç bir mövzuda bir-birlərini dinləmək istəmir. Bu aqressivlik istər cəmiyyətdə, istər sosial mühitdə, istərsə də ailədə özünü qabarıq formada göstərir”.
Psixoloq bu hallarda çıxış yolu kimi insanların özləri ilə tənha qalmalarına ehtiyac olduğunu qeyd edib.
“İnsanlar əvvəlcə özləri ilə baş-başa qalıb özlərini tanımalıdırlar. Bizim cəmiyyətdə insanlar ümumiyyətlə özləri ilə tək qalmır. Hər bir insan gün ərzində heç olmasa 2 saat tək qalmalıdır. Təklikdə özünü dinləməli, nə istədiyini, problemlərini başa düşməlidir. İnsanlar tək qalanda dərhal telefonlarına, sosial şəbəkələrə yönəlir. Bu isə insanlarda psixoloji boşluqlara, depressiyaya, o cümlədən, aqressivliyə və əsəbiliyə səbəb olur”.