​Naxçıvanda sahibsiz it əlindən çölə çıxmaq OLMUR

​Naxçıvanda sahibsiz it əlindən çölə çıxmaq
16:54 27.06.2023
228 Toplum
A- A+
Son vaxtlar Naxçıvanın mərkəzi prospekt və küçələrində, parklarda sahibsiz itlərin sayının xeyli artdığının şahidi oluruq.

3-4 ay ərzində muxtar respublikada yerləşən xəstəxanalara it qapma ilə bağlı müraciətlərin sayında artım müşahidə olunur. İtdişləməsi zamanı hücuma məruz qalmış şəxs həkimə tez müraciət etmədiyi təqdirdə, quduzlaşma ölümlə də nəticələnə bilər. Naxçıvan şəhərindən kənarda yaradılmış sığınacaqlarda isə sahibsiz itlərin azlığı diqqətdən yayınmır. Məhz buna görə, muxtar respublikanın çox yerlərində, hətta parklarda da çoxlu sayda sahibsiz itlərə rast gəlinir. Məsələ ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov açıqlamasında bildirib ki, son bir ayda sahibsiz itlər zərərsiz hala gətirilib. Bəs həm Naxçıvan, həm də digər şəhər və rayonlarımızda küçə itlərinin bu qədər çoxalmasının səbəbi nədir? Hətta iş o yerə çatıb ki, rayonlarda insanlarla-itlərin savaşı başlayıb. 

Bu savaşın bir tərəfində insan ölümləri ilə nəticələnən it hücumları varsa, digər tərəfində gecələr güllələnən itlər var. Bu itlərin qısırlaşdırılması prosesinə kim cavabdehdir? Niyə problem kökündən həll edilmir? Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə əlaqə saxlamağa çalışsaq da qurumla aramıza sədd çəkildi. Məcbur qalıb Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən isə bildirildi ki, Nazirlik yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti yalnız və yalnız təsərrüfat heyvanları ilə bağlı məsələlərə cavabdehdir. Qurumdan bizi Bakı Şəhər İcra Hakimiyyəti Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinə yönləndirdilər, oradan isə bildirildi ki, sahibsiz itlərin peyvənd olunması və qısırlaşdırılması məsələlərində Toplan - Sahibsiz itlərə qayğı mərkəzi cavabdehlik daşıyır. Toplan - Sahibsiz itlərə qayğı mərkəzindən isə bildirildi ki, mərkəz yalnız Bakıda olan sahibsiz itlərə görə cavabdehlik daşıyır, rayonlarla bağlı cavabdehliyin kimdə olduğu barədə isə məlumatlı deyillər. Bəli, çox qapı döydük, amma sahibsiz itlərə hansı qurumun sahib çıxmalı olduğu sualına cavab tapa bilmədik. 

Fakt isə odur ki, hazırda istər Bakı şəhərində, istərsə rayonlarımızda sahibsiz it var və onların sayı getdikcə artmaqdadır. /APA TV