Sulh.info.az Teleqraf.com-a istinadən bildirir ki, 5 noyabr 2022-ci ildə saat 12.30-da Levani ilə bacısı Ninonun kirayədə yaşadığı evdə mübahsələri baş verib.
Levani münaqişədən sonra pozğun həyat keçirdiyinə, yəni ayrı-ayrı şəxslərlə cinsi əlaqədə olduğunu görə Ninonu qisas məqsədilə öldürmək qərarına gəlib. O, qonaq otağındakı divanda bacısının yatmaq istədiyini görüb.
Levani divanın baş tərəfində kresloda əyləşib, saat 14 radələrində bacısının yatdığına əmin olduqdan sonra ona bıçaq zərbələri vurub.
Yuxudan ayılan Ninonun müqavimət göstərməsinə baxmayaraq ona 21 zərbə endirib. Qız aldığı xəsarətlərdən vəfat edib.
"Anam bacımı evdən qovdu"
İstintaq orqanı tərəfindən Levaninin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Levani ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, atası Zurabi 2016-cı ildə vəfat edib: "2017-ci ildə anam Marina Qax sakini Valehlə qeyri-rəsmi nikaha daxil oldu və onlar atamın evində yaşamağa başladılar. Məndən 2 yaş böyük olan bacım Nino ilə anamın arasında mübahisə yarandı, anam 2020-ci ilin mayında onu evdən çıxardı.
Anam Ninonu pul qazanmadığına, maddi vəziyyətimizin çətin olduğuna görə evdən qovdu. Hətta bundan sonra anamla bacım arasında bir neçə dəfə münaqişə oldu. Buna görə bacım nənəmin evinə yığışıb, orada yaşamağa başladı".
"Sevgi münasibətləri vardı"
Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin yanvarında anası onu da pul qazanmadığına görə evdən qovub: "Mən də nənəmin evinə getdim. 2022-ci ilin yanvarından bacımla Qax şəhərinə gəldik. Orada "Mehdinin dönərxanası" adlı yerin yaxınlığında ev tutduq, kirayədə yaşmağa başladıq.
Bəzən Ninonun rəfiqəsi bizə gəlir, bizimlə birlikdə qalırdı. Həmin vaxt bacım "Şirin həyat" restoranında ofisiant işləyirdi, İbaxlı kəndində yaşayan Sadiqlə sevgi münasibətləri vardı".
Levani qeyd edib ki, 2022-ci ilin aprelində Sadiq Bakı şəhərinə işləməyə gedəndə Nino da onunla gedib: "Mən isə nənəmin kənddəki evinə qayıtdım. Nino 5-10 gün sonra Bakıdan Qax rayonununa, kəndə qayıdaraq nənəmin yanına gəldi. Nino Sadiqin yanında qalmağa yer olmadığına görə kəndə qayıtdığını dedi. Sadiq də 1-2 ay sonra Bakıdan Qax şəhərinə qayıtdı və 1 gün Nino ilə Qax şəhərində tanımadığım ünvanda qaldı".
"Cinsi əlaqədə olduğunu başa düşdüm"
Təqsirləndirilən şəxs deyib ki, 2022-ci ilin iyun ayında Qax şəhərində 2 mərtəbəli binada 150 manata 3 otaqlı mənzil kirayələyiblər və orada yaşamağa başlayıblar: "Evin pulunu Nino verirdi. Atalığını itirilməsinə görə Nino pensiya alırdı. Bəzən də nənəm bizə köməklik göstərirdi. Sadiq hər gün bizə gəlirdi. Sadiq gələn kimi Nino məni parka göndərir, zəng edəndə evə qayıtmağı tapşırırdı.
Onların ilk əvvəl nə ilə məşğul olduqlarını başa düşmürdüm. Bacım mənə hamiləlik testi aldırmağa başladıqda onların cinsi əlaqədə olduğunu tam anladım. 2 ay həmin evdə qaldıqdan sonra kirayə haqqnını baha olması səbəbindən yenidən kəndə qayıtdıq".
"Məni parka göndərirdi"
Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2022-ci ilin sentyabrında Nino ilə Qax şəhərində 100 manata həyət evi kirayə tutublar: "Həmin evdə Nino ilə rəfiqəsi yaşayırdı. Rəfiqəsi kəndə gedəndə Nino mənə zəng elədi. Qax şəhərinə kirayə evə gəlib bacımla qaldım.
Nino ilə kirayədə yaşadığımdan həmin evdə mənim alt və üst geyimim vardı. Nino həftənin 2-3 gününü mənimlə, qalan günləri isə Sadiqlə kirayə tutduqları evdə qalırdı. Həmin müddətdə də Sadiq Ninonun yanına gəlib-gedirdi. Hər dəfə o, gələndə Nino məni parka göndərirdi".
"Başımla təsdiqlədim"
Levani deyib ki, növbəti dəfə Sadiq kirayə yaşadıqları evə gəlib: "Nino məni yenə parka göndərdi. Bir saat sonra zəng edərək məni evə çağırdı. Sadiq artıq getməyə hazırlaşırdı. Qonaq otağında sınmış stəkan şüşələri vardı.
Sadiq məndən Ninonun başqa sevgilisini evə gətirməsindən xəbərim olub-olmadığını soruşdu. Nino xəbərim olduğunu dedi. Buna görə mən də başımla təsdiqlədim. Bundan sonra Sadiq Ninoya artıq onunla münasibətinin bitdiyini deyib evdən çıxdı. Sadiqin ardınca çıxıb evin darvazasını bağladım və geri qayıtdım".
"Üzərimə qışqırdı"
Təqsirləndirilən şəxs deyib ki, oktyabrın 30-da bacısı Nino ilə birlikdə dayısıgilə gedib:
"Bacım dayımgildə kiminləsə telefonla danışdı və vatsap vasitəsilə yazışdı. Saat 08.15-də bacımla dayımgilin yaşadığı kənddə marşruta mindik və Qax şəhərində yerləşən evə gəldik. Səhər yemədiyimizə görə saat 10 radələrində yemək yeməyə başladıq. Dayımgil bizə kələm dolması qoymuşdu. Nino həmin dolmanı qızdırdı və birlikdə yedik.
Nino saat 11 radələrində saçını yumaq üçün hamama getdi. Təxminən saat 11.30-da hamamda borudan su axdığına görə Nino mənə hamama gedən boru xəttinin üzərində olan krantı bağlamağı tapşırdı. Bacıma "özün hamamdan gəlmisən, niyə bağlamamısan" deyə cavab verdim.
Nino üzərimə qışqırdı və təkidlə məndən krantı bağlamağımı tələb etdi. Krantı bağlayacağımı bildirməyimə baxmayaraq Nino yenidən təkid etdi. Mən də həmin krantı bağlayaraq evə qayıtdım.
Evə gəldikdən sonra bacımın qonaq otağındakı divanda oturduğunu və çay içmək üçün stəkanı yanına qoyduğunu gördüm. Divanın qarşısında döşəmədə Ninonun qaşına sürtdüyü ilan yağı kremi vardı".
"Yatmağını gözlədim"
Levani qeyd edib ki, həmin vaxt bacısə Ninonu pozğun həyat keçirdiyinə görə öldürmək qərarına gəlib: "Nino qonaq otağında girişdən sağ tərəfdəki divanın üzərinə sol çiyni üstə uzanmışdı. Saat 12.30-dək telefonda kiminləsə yazışdı, sosial şəbəkələrdə nəyəsə baxdı.
Mübahisədən əsəbiləşmişdim, pozğun həyat keçirməsi də yadınma düşəndə Ninonu öldürmək qərarına gəldim. Buna görə yatmağını gözlədim. Oyaq olsaydı, onu öldürə bilməyəcəkdim. Divanın baş tərəfində kresloda oturdum.
Nino saat 13.30-da telefonla danışığını qurtardıqdan sonra mürgüləməyə başladı. Yarım saat sonra, yəni saat 14 radələrində onun yatdığını gördüm. Mətbəxə keçdim, stolun üzərində olan bıçağı götürdüm, Ninonun yanına qayıtdım. Yorğanı sol əlimlə ayaqlarına qədər çəkdim və sağ əlimdə olan bıçaqla onun sol çiyin nahiyəsinə, belinə təxminən 6-7 zərbə vurdum.
Nino oyandı, sağ əli ilə özünü qorumaq istəyəndə sağ ovucunun içərisinə, bilək nahiyəsinə, sinəsinin sol tərəfinə, qarın nahiyəsinə bıçaqla zərbələr endirdim".
"Meyiti görəcəklərindən ehtiyat etdim"
Levani deyib ki, Nino yenidən çevrilib və onun sağ budunun yan tərəfinə bıçaqla zərbə endirib:
"Bundan sonra bıçaqla bir neçə dəfə də vurdum. Zərbələrin onun hansı nahiyəsindən dəydiyini xatırlamıram. Bıçaq zərbəsini vurduqdan 3-4 dəqiqə sonra Ninonun artıq nəfəs almadığını, öldüyünü hiss etdim. Əllərindən tutaraq onu divandan yerə saldım, qapı istiqamətində çölə çıxarmaq istədim. Meyiti həyətdə basdırmaq istədim.
Lakin sağ tərəfdəki qonşuda fəhlələr tikinti işi aparırdı, bu səbəbdən meyiti görəcəklərindən ehtiyatlandım və fikrimdən daşındım. Fəhlələr Ninonun meyitini çöldən baxdıqda evin içərəsində görməsinlər deyə yorğanı üzərinə örtdüm. Həyətdəki yardımçı tikilidən çəkic gətirdim, qonaq otağında mətbəxin giriş qapısının qarşısında bıçağı qırdım. Qırılmış hissələr evin içərisinə səpələndi.
Qırıntıları taparaq topladım və yumadan bıçağın tutacağı ilə birlikdə həyətdəki yardımçı tikilinin önündə qumu əlimlə qazaraq orada basdırdım. Çəkici isə evin giriş qapısının solunda olan stolun üstünə qoydum".
"Öldürməyim barədə heç bir söz demədim"
Təqsirləndirilən şəxs deyib ki, əlini darvazanın girişində əl-üz yumaq üçün olan krantın altında yuyub: "Şalvarımın sol tərəfində qan izləri olduğundan şalvar-köynəyimi yataq otağında dəyişdim. Qapını örtərək küçəyə çıxdım. Küçədə heç kim yox idi. Oradan Qax şəhər avtovağzalına gəldim. Təxminən saat 14.30-da Qax-Üzümlü marşrutuna mindim və kəndə getdim.
Kənddə nənəm nə səbəbə gəldiyimi soruşdu. Ninonun rəfiqəsi ilə qalacağını bildirdim. Sonra Ninonun zəngimə cavab vermədiyini bildirdim.
10-15 dəqiqə sonra əmim nənəmgilə gəldi. O da Ninoya zəng etdi, lakin zəngə cavab verilmədiyini bildirdi. Onlara Ninonu öldürməyim barədə heç bir söz demədim.
Əmimlə birlikdə küçədə armud ağacının altında olan çardağa getdik. Əmim dostları ilə stolüstü oyunlar oynamağa başladı. Mən də əmimin yanında dayandım.
Saat 18 radələrində nənəm çardağa gəldi və əmimdən Ninoya zəng etməsini istədi. Zəng yenə də cavabsız qaldı".
"Bacımı öldürdüyümü etiraf etdim"
Levani qeyd edib ki, həmin vaxt Qax rayon sakini Əlinin idarə etdiyi "BMW" markalı avtomobillə onların yanından keçərkən nənəsi avtomobili saxlatdırıb:
"Əlidən bizi Qax şəhərinə aparmağı xahiş etdi. Nənəmlə Əlinin avtomobilinin arxa oturacağında əyləşdik. Nənəmlə birlikdə kirayə qaldığımız evə gəldik. Mənzilə daxil olanda nənəm Ninonun meyitini tapdı, qışqır-bağır saldı. Bundan sonra təcili yardım xidmətinə və polisə zəng edərək məlumat verdik. Daha sonra polis əməkdaşları və təcili yardım xidmətinin həkimləri gəldi.
İlk öncə qorxduğum üçün polis əməkdaşlarına bacımı öldürməyim barədə məlumat vermədim. Sonra törətdiyim cinayət əməlini etiraf etmək qərarına gəldim və səmimi etiraf etdim".
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Levani 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən edilib.