​Səfərbərlik Xidməti VACİB MƏLUMAT YAYDI - iyulun 30-dək...

​Səfərbərlik Xidməti VACİB MƏLUMAT YAYDI
13:44 01.07.2023
132 Hərbi
A- A+
Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) məlumat verilib.

Dövlət Xidmətinin yerli struktur bölmələri çağırışçıların müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlayıb.

Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi üçün mövcud imkanlar səfərbər edilib. Prioritet olaraq şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin, həmçinin bu sahə üzrə müəyyən edilmiş strateji hədəflərin icrası ilə bağlı Xidmət tərəfindən zəruri tədbirlər görülüb.

Çağırışçıların Silahlı Qüvvələr üzrə bölgüsü prosesində obyektivliyin təmin edilməsi istiqamətində vacib fəaliyyət həyata keçirilib. Belə ki, bölgü Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqına Əsasnamə”nin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəlinə əsasən çağırışçının antropometrik göstəriciləri (boy, çəki) və hərbi xidmətə yararlılıq kateqoriyası nəzərə alınmaqla aparılıb.

Məlumat üçün bildirək ki, iyul ayında müddətli həqiqi hərbi xidmətə göndərilən çağırışçılar təyin olunduqları xidmət yerləri barədə iyunun 25-də SHXÇDX tərəfindən SMS vasitəsilə məlumatlandırılıblar. Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması iyulun 30-dək davam edəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 20-də “Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncam imzalayıb.