​İran Xarici İşlər Naziri Azərbaycana gəlir - Münasibətlərdə dönüş nöqtəsi gözlənilirmi?

​İran Xarici İşlər Naziri Azərbaycana gəlir
14:04 04.07.2023
119 Dünya
A- A+
İranın xarici işlər naziri Hüseyn-Əmir Abdullahian Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib. Baş tutacaq səfərdən ehtimal olunan nəticələrlə bağlı politoloq Zaur Məmmədov Referans.az-a danışıb.

 “Azərbaycan və İran arasında son zamanlar müəyyən təmaslar var. Bu Türkiyə və İran arasında baş tutan son telefon danışıqları və bu Azərbaycanla münsibətlərin düzəlməsi üçün İrana olan dolayı təsirlərlə bağlıdır. İran tərəfindən açıqlamaların verilməsi bunun göstəricisidir. Açıqlamanın səfirliyimizə olan hücumla əlaqədar məhkəmə ilə bağlı olması da onu göstərir ki, Azərbaycan məhkəmənin qərarını gözləyir. Laçın rayonu fonunda baş verənlər, o cümlədən, Laçın dəhlizi ilə bağlı İranın son zamanlar göstərdiyi səssizlik onu deməyə imkan verir ki, yaxın vaxtlarda müəyyən dəyişikliklərə şahidlik edə bilərik. Hər halda, İran Azərbaycan münasibətləri son 30 ildə daim enişli-yoxuşlu olub. Bundan sonra da tamamilə sabit və hamar əməkdaşlıqdan danışmaq üçün hələ tezdir. Amma eyni zamanda münasibətlərin düzəlməsi, İranın cənubi Qafqazda baş verən reallıqları qəbul etməsi olduqca vacibdir. İran başa düşməlidir ki, Arazın şimalı İran deyil. Bu ərazidə 3 müstəqil dövlət var və buradakı qərarları da yalnız bu dövlətlər verə bilər”.