​Zəlzələnin ev bazarına ciddi təsiri olacaqmı? - Ekspert DANIŞIR

​Zəlzələnin ev bazarına ciddi təsiri olacaqmı?
14:44 04.07.2023
133 Sosial
A- A+
İyulun 4-də Xəzər dənizinin Azərbaycan sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib. Baş vermiş zəlzələ bəzi ərazilərdə hiss olunmasa da, digər ərazilərdə ciddi müşahidə edilib.

Bu hal insanlar arasında ciddi narahatlığa səbəb olub. Və gecədən etibarən bina evlərində yaşayanlar həyət evlərinə marağı artıb. 

Maraqlıdır, ölkə ərazisində hiss olunan zəlzələ həyət evlərində qiymət artımına səbəb olacaqmı?

Referans.az xəbər verir ki, məsələ ilə bağlı Lent.az-a danışan daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı təkanların yalnız davamlı olduğu halda həyət evlərində ciddi qiymət artımı ola biləcəyini vurğulayıb:

“Mən düşünmürəm ki, bu zəlzələnin bütövlükdə daşınmaz əmlak bazarında çox ciddi şəkildə təsirləri olacaq. Əgər bu təkanlar davamlı olarsa, yəni, bu gün, sabah bir neçə gün ərzində davam edərsə, hər hansı bir dağıntı filan baş verərsə, bu halda təsirləri daha çox müşahidə edə bilərik. Zəlzələ heç Bakı şəhərinin bir çox ərazilərində hiss olunmayıb. Ona görə də mən düşünmürəm ki, bir təkanla Bakı şəhərində mənzil bazarında ciddi bir dəyişiklik baş versin, həyət evlərinə maraq artsın. 

Bəli, bu hal dünən axşam bir psixoloji məqam idi. Yaşadığım ərazidə də bunu müşahidə etdim. İnsanların əksəriyyəti gecə vaxtı həyətə tökülmüşdülər, başqa ərazilərə köç edənlər də var idi. Bir daha qeyd edirəm, bu, davamlı xarakter alarsa, hər hansı formada dəyişiklik müşahidə oluna bilər. İndiki halda qısamüddətli bir panik vəziyyət idi. Hesab edirəm ki, artıq sabahdan etibarən bu psixoloji məqam aradan qalxacaq”.

Xatırladaq ki, Respublika Seysmik Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə, 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. 

Mərkəzdən bildirilib ki, zəlzələ Quba, Xaçmaz, Siyəzən, Sumqayıt və Bakı şəhərlərində, eləcə də Abşeron yarımadasının ətraf ərazilərində 5-4 bala qədər hiss olunub.