​Əməkdar artistin anasının yaşadığı evlə bağlı qalmaqal: “Zəbt etmək fikrimiz olsaydı...” - FOTO

​Əməkdar artistin anasının yaşadığı evlə bağlı qalmaqal:
13:27 07.07.2023
A- A+

Keçmiş hərbçi, veteran Qasım İsayev mənzil hüququnun pozulması ilə bağlı müraciət ünvanlayıb.

Müraciəti “Qafqazinfo” yayıb.

O bildirib ki, Bakı şəhər Binəqədi rayonu Mir Cəlal küçəsi ev 41, mənzil 47 ünvanındakı evi Şuşa sakini Lətafət İsa qızı Rəhimova və ailə üzvləri tərəfindən zəbt edilib. Ordudakı xidmətlərinə görə ona verilmiş mənzilinə 30 ildən artıqdır daxil ola bilmədiyini deyən Q.İsayev Lətafət Rəhimova və ailəsinin geridə qalan illər ərzində bir neçə mənzilə sahib olduğunu, buna baxmayaraq onun evini qaytarmadıqlarını iddia edib:

“Uzun illərdir qardaş-bacı qapısında qalan, uşaqlarıma başqalarının evində toy edən bir şəxs kimi bu müraciətimi utana-utana sizə çatdırıram. 30 il əvvəl evimə köçmək istəyərkən qohum-qonşu evlərindən qurtulacağam deyə sevinən zamanlar mənzilimdə məcburi köçkünün yaşadığını öyrəndim. Məcburi köçkün deyib illərlə gözlədim, dövlətimizin siyasi iradəsinə uyğun olaraq səbir etdim. Özüm, ailə üzvlərim başqalarının qapılarında qaldıq. Mənzilimi zəbt edənlərin varlı bir ailə olduğunu öyrənsəm də, Şuşa şəhərindən məcburi köçkün olan bir ana və oğula qarşı səsimi çıxarmamışam”.

Şikayətçi bildirib ki, uzun müddətdir Qazax rayonunda qardaşı oğlunun evində yaşayır. O, mənzilində yaşayan Lətafət Rəhimovanın tanınmış dirijor, Əməkdar artist Fuad İbrahimovun anası olduğunu deyib: 

“Lətafət İsa qızı Rəhimova öz adına heç bir mənzil almasa da, oğlunun adına Bakı şəhərində bir neçə mənzil var. Şəxsi mənzilləri olduğu halda da F.İbrahimov qızını mənim mənzilimə qeydiyyata saldırıb.

Bildirirəm ki, Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal küçəsi ev 41, mənzil 47 ünvanlı mənzildə məskunlaşmış, mənim mülkiyyət hüququmu pozmuş və bu halı hələ də davam etdirən şəxsin mənzildən çıxarılması ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.09.2002-ci il tarixli qətnaməsi var. Binəqədi İcra Şöbəsi isə vətəndaş Lətafət İsa qızı Rəhimovanın mübahisə predmeti olan mənzildən çıxarılmasını təmin etmir”.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş direktoru, Əməkdar artist Fuad İbrahimov açıqlamasında 1992-ci ildə məcburi köçkün düşdükdən sonra məcburiyyət qarşısında həmin mənzildə məskunlaşdıqlarını bildirib:

“Şuşanı tərk edəndən sonra bir müddət Ağdamda qaldıq, daha sonra Şıxda sanatoriyada 9 kvadratmetrə yaxın yerdə məskunlaşdıq. Bundan sonra Mənzil Kommunal Təsərrüfatı Birliyi bizə boş ev kimi 9-cu mikrorayon Mir Cəlal küçəsindəki bu evi təklif etdi və ora köçdük. Əgər bizim Qasım İsayevə məxsus evi zəbt etmək fikrimiz olsaydı, bu 30 il ərzində o evə hər hansı yolla yiyə durmaq olardı. Biz bunu istəmirik, Şuşadakı öz ev-eşiyimizə qayıtmaq istəyirik. Anam o günü səbirsizliklə gözləyir. 1993-cü ildə ümummilli lider Heydər Əliyev məcburi köçkünlərin məskunlaşdıqları evlərdə yaşaması və həmin evlərə order verilməməsi ilə bağlı qərar vermişdi. Ondan sonra Qasım İsayev saxta yollarla həmin evə order aldı və bizi məhkəməyə verdi”.

Fuad İbrahimov bir müddət əvvəl Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevanın ona mənzil hədiyyə etdiyini deyib: 

“Mənim deyildiyi kimi, böyük imkanlarım yoxdur, biznes fəaliyyəti ilə məşğul olmuram, musiqiçiyəm və dövlət xidmətlərimə görə mənə ev verib. Ondan başqa hər hansı evim də yoxdur. Amma bu o demək deyil ki, anam müvəqqəti məskunlaşdığı həmin evdən çıxmalıdır. Biz evimizi qoyub başqa evi zəbt etməmişik, elə bir məsələ olsaydı, mən tərbiyəli bir vətəndaş kimi özüm ondan imtina edərdim”.

Əməkdar artist əvvəllər ailənin bütün üzvlərinin Mir Cəlal küçəsindəki evdə qeydiyyatda olduğunu, daha sonra özünün və həyat yoldaşının qeydiyyatdan çıxaraq yeni hədiyyə edilmiş evə qeydiyyata düşdüklərini deyib:

“Lakin işlərimin çoxluğu ilə əlaqədar 2017-ci il təvəllüdlü qızımı anamın yaşadığı evdən qeydiyyatdan çıxarıb yeni evə qeydiyyata saldıra bilməmişəm. Burada başqa bir məqsəd yoxdur. Bir daha qeyd edim ki, Qasım müəllimin evində gözümüz yoxdur. Böyük məmnuniyyətlə o evi ona qaytaracağıq. O ev bizə lazım olsaydı, 30 il ərzində hansısa yolla bu məsələni həll edərdik. Eləməmişik, eləmərik də. Çünki o ev həmin insanın evidir, halal xoşu olsun. Sadəcə anam səbirsizliklə gözləyir ki, Şuşaya qayıtsın. Mən anama deyə bilmərəm, bütün ömrün boyu o evdən didərgin düşmüsən, bu evdən didərgin düşmüsən, indi də bu biri evdən didərgin düş. Həyatdır, qismət belə gətirib, hər evlə birgə böyük bir həyat məhv olub, itib”.

Tərəflər məsələ ilə bağlı məhkəmə qərarlarını da təqdim ediblər. Həmin sənədlərin qərar hissələrini təqdim edirik: