​Bakıda fəhlələrin ölümlə “zarafat”ı - Görüntü də var, ünvan da, amma cəza yoxdur /VİDEO

​Bakıda fəhlələrin ölümlə “zarafat”ı
15:25 07.07.2023
285 Toplum
A- A+
Bir neçə gün əvvəl sosial şəbəkələrdə Bakının Nəsimi rayonunda fəhlənin təhlükəli hərəkətlər edərək həyatını riskə atması ilə bağlı görüntülər yayımlanıb.

Belə ki, fəhlə təhlükəsizlik kəməri olmadan tikinti gedən çoxmərtəbəli binada çalışır. 

Tikinti - təhlükə riski yüksək olan sahədir. İşəgötürənlər hündürlükdə çalışan işçilərin təhlükəsizliyi üçün hansı addımları atmalıdırlar? Onları nələrlə təmin etməli, hansı qaydalara riayət etməlidirlər? 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 215-ci (əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri) maddəsinə əsasən, müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini, işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsi və s. tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: 

“Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”na əsasən, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatlandırıldıqdan, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinin öyrənilməsi və biliklərinin yoxlanılmasından, hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metodları və üsulları öyrədildikdən sonra işçilər hündürlükdə işlərə buraxılırlar. Hündürlükdə işlərə başlamazdan əvvəl işəgötürən və ya onun müvəkkil etdiyi şəxs ilk dəfə hündürlükdə işləməyə buraxılanlara, əvvəllər müvafiq təlimat almamış, başqa işdən keçənlərə, hündürlükdə işlərə bir ildən çox fasilə vermiş işçilərə işlərin təhlükəsiz yerinə yetirilməsi metodlarının və üsullarının öyrədilməsini təşkil etməlidir”. 

“İşəgötürən təhlükəsizliyi təmin etmək üçün iş yerlərinin hasarlanmasını, xəbərdaredici və göstəriş verən plakatların (nişanların) asılmasını, kollektiv və fərdi mühafizə vasitələrindən istifadə olunmasını nəzərdə tutan texniki-texnoloji tədbirləri təmin etməlidir. Hündürlükdə işlərin təhlükəsizliyini təmin etmək üçün tutub saxlayıcı sistemlərdə ip (qayış) kimi həm tutan, həm də sığortalayıcı kəmərdən istifadə olunur.

 Sığorta sistemlərində sığortalayıcı kəmər kimi ipdən istifadə edilir. Hündürlükdə işləyən zaman istifadə olunan avadanlıq, mexanizmlər, əl alətləri, mexanikləşdirilmiş və digər alətlər, inventar, qurğular və materialların yerə düşməsi istisna olunmaqla (çantalarda, yarımçantalarda yerləşdirilməsi, bağlanması, hündürlüklər fərqi olan hüdudlardan kifayət qədər uzaqda yerləşdirilməsi və ya işçinin sığortalayıcı kəmərə bağlanması), təhlükəsizlik tədbirləri təmin edilməklə tətbiq olunmalıdır./

Eyni zamanda, Əmək Məcəlləsinin 216-cı maddəsinə əsasən, əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək, verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək əməyin mühafizəsi üzrə işçilərin vəzifələrinə aiddir”, - deyə vurğulanıb.

Qeyd edək ki, qurum görüntülərin dəqiq çəkildiyi ünvan və rəsmi müraciət olmadığı üçün araşdırma aparmır. 

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 198-ci (əməyin mühafizəsi qaydalarının pozulması) maddəsinə əsasən, işəgötürən tərəfindən - əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə, işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə, binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməməsinə, işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə görə 500 manatdan 1 000 manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Onu da qeyd edək ki, bir müddət əvvəl də fəhlələrin təhlükəli vəziyyətdə çalışdığına dair görüntülər yayılmışdı. 

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Əmək Müfəttişliyi Xidmətinə  sözügedən videogörüntülərin Bakının Xətai rayonunun Gəncə prospektində yerləşən Mənzil-Tikinti Korporativində (MTK) çəkildiyini qeyd etmişdik. Lakin onlardan gələn cavabda ünvanın dəqiq olmadığı qeyd olunmuşdu. Nəticədə insan həyatının təhlükəsizliyi üçün heç bir tədbir görülmədiyi aşkardır./oxu.az