Ödənilən məbləğin ¼ hissəsinin xidməthaqqı kimi tutulması müzakirə və tənqidlərə səbəb olub. Müştəridən əlavə bu qədər məbləğin tutulması qanunsuz hesab edilib.
Qəbzdən də görünür ki, edilən sifarişin məbləği 191 manat təşkil edir. Bu məbləğin üzərinə 47,75 manat əlavə olunub və ümumi olaraq 238,75 AZN hesablanıb.
Bəs müştəridən əlavə bu qədər məbləğin tutulması qanunidirmi? İctimai iaşə müəssisələrində - kafe və restoranlarda əlavə xidməthaqqı ilə bağlı məbləğ qanunda müəyyən olunubmu? Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən restoranlarda menyuda əlavə xidməthaqqının qeyd olunması məsələsinə nəzarət olunurmu?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, əgər müştəriyə əvvəlcədən xidməthaqqı ilə bağlı məlumat verilməyibsə, restoranın bu tələbi qanunsuzdur: “Biz dövlət orqanları qarşısında bununla bağlı dəfələrlə məsələ qaldırmışıq. Lakin dövlət orqanları deyir ki, bu, biznes qurumlarının öz ərazisidir və özləri necə istəyər, elə də edər. Çekə saldıqları üçün vergi verirlər, deyirlər ki, orada qanun pozuntusu yoxdur. İstehlakçı hüquqlarını qoruyan bizim təşkilat isə deyir ki, vergi vermək azdır. Bu istehlakçı hüquqlarının pozulmasıdır. İstehlakçı maraqlarına zidd hərəkətdir”.
E. Hüseynovun sözlərinə görə, əvvəlcədən istehlakçıya bu barədə məlumat verilməlidir ki, o, istəmədiyi təqdirdə seçim edə bilsin.
Sözügedən restoranın administratoru Elvin Məmmədli saytımıza bildirdi ki, həmin qəbzdə qeyd olunan məbləğ həm də şou-proqramla bağlıdır: “Bizdə həm menyuda, həmçinin instaqram və TikTok hesablarımızda xidmət faizi qeyd olunub. Əyləşən kimi də müştəriyə bu barədə məlumat verilir. Həm xidməthaqqı, həm də şou-proqram ödənişi bu 25 faizə daxildir. Bura gələnlərin də əksəriyyəti təkrar müştərilərdir, yəni neçə illərdir bundan məlumatlıdırlar”.
Məbləğin çox olması ilə bağlı suala gəlincə isə administrator bildirdi ki, bu məbləğ müğənnilərə olan ödənişi ancaq qarşılayır: “Bizdə olan şou-proqram heç yerdə yoxdur. Bizim müğənnilərə, şou-proqrama verdiyimiz pullar onu ancaq ödəyir. Hər gün də şou-proqramımız olur”.
Məsələ ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu ünvanladıq.
Qeyd edək ki, “My Beach”in sahibi tanınmış müğənni Niyam Salamidir./“Qafqazinfo”