Hadisə İstanbul şəhərində baş verib. Bu barədə jurnalist, Milli qəzetin yazarı Mustafa Kasadar polisə müraciətində bildirib. Onun sözlərinə görə, naməlum şəxs zəng edərək, 1 gün xəbər almadıqları oğlunu girov götürdüyünü deyib və 40 min dollar istəyib.
Polisin istəyi və nəzarəti ilə cinayətkar ilə 70 min lirəlik razılaşma əldə olunub. Parkda baş tutan görüş zamanı polis onu saxlayıb. Lakin 19 yaşlı Mustafa Nur Kasadarın girov saxlanıldığı yerə baxış zamanı onun parçalanmış meyiti soyuducuda aşkar edilib.
Məlum olub ki, hadisəni törədən Hakan Ö. əvvəllər jurnalistin işçisi olub və 2 il əvvəl işdən çıxıb. Hazırda taksi işləyirmiş.
O, polisə verdiyi ifadəsində hadisəni necə törətdiyini dilə gətirib: “İyulun 10-da onunla görüşdük. Bir kafedə yemək yeyəndən sonra qəlyan çəkmək istədi və mənim evimə getdik. Burada köhnə məsələlər açıldı və mübahisə yarandı. Özümü itirib onu iplə boğub öldürdüm. Sonra meyitdən qurtulmaq üçün onu hamama aparıb bıçaqla parçaladım. Daha sonra meyiti soyuducuda gizlətdim”.
Onun sözlərinə görə, qətldən sonra Mustafa Kasadarın ailəsinə zəng edərək pul istəyib. Məqsədi həmin pulla ölkədən qaçmaq olsa da, polis tərəfindən saxlanılıb. Hazırda araşdırma aparılır.