“Expressbank” 2023-cü ilin birinci yarısı üzrə maliyyə nəticələrini açıqlayıb.
2023-cü ilin birinci yarısında “Expressbank”ın xalis mənfəəti illik müqayisədə 21.3% azalaraq 6 milyon 320 min manat təşkil edib. 2022-ci ilin müvafiq dövründə bank 8 milyon 28 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri 14.4% artaraq 26.9 milyon manat, faiz xərcləri isə 53.3% artaraq 7.1 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 9.1 milyon manata ( illik müqayisədə 4.3% çox), qeyri-faiz xərcləri isə 18.1 milyon manata ( illik müqayisədə 9.5% çox) bərabər olub. Beləliklə bank 8.3 milyon manat əməliyyat mənfəəti qazanıb ki, bu da illik müqayisədə 5.7% və ya 508 min manat azalma deməkdir.
Eyni dövrdə bankın nağd pul vəsaitləri 21.5% və ya 2.4 milyon manat azalaraq 37 milyon manat təşkil edib.
Cari ilin iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 12% və ya 52,5 milyon manat artaraq 489.5 milyon manata yüksəlib. Cari ilin ilk 6 ayında “Expressbank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 18% və ya 53.4 milyon manat artaraq 350.5 milyon manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 175.3 milyon manat ( illik müqayisədə 10% çox), biznes kreditləri 105.1 milyon manat ( illik müqayisədə 9.8% çox), daşınmaz əmlak kreditləri isə 70 milyon manat ( illik müqayisədə 67% çox) təşkil edib.
Bu dövrdə “Expressbank”ın cəmi öhdəlikləri 365.7 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 18.8% və ya 57.9 milyon manat çoxdur. Bankın depozit portfeli də cari ilin ilk 6 ayında 1.5% və ya 2.9 milyon manat artaraq 196 milyon manata çatıb. Şirkətlərin bankdakı əmənətləri 1.2 milyon manat və ya 3% azalaraq 40.5 milyon manat, fiziki şəxslərin depozitləri isə 4.2 milyon manat və ya 2.8% artaraq 155.4 milyon manat olub.
2023-cü il iyul ayının 1-nə “Expressbank”ın cəmi kapitalı 4.2% və ya 5.5 milyon manat azalaraq 123.6 milyon manat təşkil edib.