​Bakıda çayxana sahibi döyüldü — TƏFƏRRÜAT

​Bakıda çayxana sahibi döyüldü
13:35 26.07.2023
123 Hadisə
A- A+

Bakının Xəzər rayonunda 1976-cı il təvəllüdlü Aydın tanışı Tahirə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Hadisə rayonun Binə qəsəbəsi, Ağsaraq ticarət mərkəzinin arxa tərəfində yerləşən çayxanada baş verib.
 
Aydın orada Tahirin başı ilə sifətinin sağ nahiyyəsindən qəsdən vuraraq ona xəsarət yetirib. 

Hadisəni törədən Aydının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aydın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, zərərçəkmiş Tahiri tanıyır və o, Binə qəsəbəsi Ağsaraq ticarət mərkəzinin arxasında yerləşən çayxananı işlədir: 

“Mən mütəmadi olaraq həmin çayxanaya gedib gəlirəm. Hadisə günü, axşam saatlarında yenidən Tahirin işlədiyi çayxanaya getdim. Ondan çay istədim. Tahir çay olmadığını desə də, ondan stəkanda ağ su istədim. Buna görə də Tahir məni çayxanadan bayıra qovdu”.
 
Təqsirləndirilən şəxs bildirib ki, həmin zaman içkili olduğu üçün Tahiri nalayiq ifadələrlə təhqir etdiyinə görə aralarında mübahisə yaranıb: 

“Yaranmış mübahisə zamanı başım ilə sağ gözünün alt nahiyyəsindən və bədəninin müxtəlif yerlərindən yumruqla vuraraq ona xəsarətləri yetirdim”.
 
İş üzrə zərərçəkmiş Tahirin sözlərinə görə, təqsirləndirilən şəxs işlətdiyi çayxanadan tanıyıb: 

“Aydın mütəmadi olaraq işlətdiyim çayxanaya gələrək pulsuz çay alıb içib. Hadisə günü də axşam saatlarında yenidən işlədiyim çayxanaya gələrək içməyə çay istədi. Ona hazır çay olmadığını dedim. Lakin Aydın içkili olduğu ücün mənimlə mübahisə etdi və nalayiq ifadələrlə təhqir etdi”. 

Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Aydının barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. /demokrat.az