Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Polşada “Rakuv”a məğlub oldu - 2:3.
Matçdan sonra yenidən diqqət mərkəzində Ağdam klubunun qapıçısı Şahruddin Məhəmmədəliyevdir. Bu dəfə də onun gözəl oyunu yox, yol verdiyi səhv qabardılıb. Qarşılaşmanın 71-ci dəqiqəsində rəqib futbolçunun başla endirdiyi zəif zərbədən sonra Şahruddin kobud səhvlə “Rakuv”un ikinci qolu vurmasına şərait yaradıb.
Bu, Azərbaycan millisinin də qapısını qoruyan qolkiperin ilk belə səhvi deyil. O, bir çox həlledici matçda məsuliyyətsiz oyunu ilə komandanı çətin vəziyyətdə qoyub.
Bəzilərini xatırlasaq, vəziyyət daha aydın olar.
Konfrans Liqasının 2021/22 mövsümünün qrup mərhələsində Bakıda Kipr “Omoniya”sı ilə görüşdə hər şey “Qarabağ”ın planlarına uyğun gedərkən, Məhəmmədəliyev “səhnəyə çıxıb” və işləri korlayıb. Qarşılaşmanın 88-ci dəqiqəsində Patrik Andrade fərqlənərək, komandanı hesabda önə keçirib. Beləliklə, “Qarabağ” canlı turnir cədvəlində lider olub.
Lakin 90-cı dəqiqədə rəqib futbolçu Jordi Qomes Şahruddinin irəli çıxmasından istifadə edərək meydanın mərkəzindən topu topa qovuşdurub. Bundan sonra Ağdam klubu sona bir tur qalmış ikinci pilləyə düşüb. VI turda İsveçrədə “Bazel”ə məğlubiyyətdən (0:3) sonra komanda birbaşa 1/8 final əvəzinə, pley-off oynamaq məcburiyyətində qalıb.
Keçən mövsüm Məhəmmədəliyevin səhvləri “Qarabağ”a daha böyük problemlər yaradıb. O, əvvəlcə komandanın Çempionlar Liqasının qrupuna düşməsinə mane olub. Çexiyada “Viktoriya”ya qarşı pley-offun cavab matçında komanda 1:0 öndə olarkən, qolkiper çıxışda kobud səhvə yol verib. Onun bu hərəkətindən sonra Plzen klubu hesabı bərabərləşdirib. Daha sonra bir qol da vuran çexiyalılar qrup mərhələsinə yüksəliblər.
Yoluna Avropa Liqasında davam edən “Qarabağ” ilk dəfə bu turnirdə qrupdan çıxmağa yaxın olub. Lakin bu dəfə də komandanın yolunu Şahruddin Məhəmmədəliyev kəsib. Fransada “Nant”la həlledici oyunun 16-cı dəqiqəsində adi epizodda səhv ötürmə etməklə Lüdovik Blassa qol hədiyyə edib. Yekunda 1:2 yenilən “Qarabağ” qrupda üçüncü olub və Konfrans Liqasının pley-offuna yollanıb.
Baş məşqçi Qurban Qurbanov isə hər dəfə onu müdafiə edir. Əlbəttə, çalışdırıcının belə davranışı başadüşüləndir. Ancaq futbolçu ardıcıl mövsümlərdə komandaya problem yaradırsa, irəli getməsinə mane olursa, israrla ona güvənmək nəyə gərəkdir?
Əgər ilk vaxtlar səhvlər yalnız Şahruddinin idisə, indi onlardan həm də Qurban Qurbanova pay düşür. Çünki qərar verən baş məşqçidir. O isə illərdir azarkeşlərin, mütəxəssislərin normal qapıçı transfer edilməsi istəyinə əhəmiyyət vermir.
Bəli, Məhəmmədəliyev özünə inamlıdır, döyüşkəndir, bir çox oyunlarda kritik qurtarışları da olub. O, Azərbaycanda ayaqla ən yaxşı oynayan qapıçıdır. Ancaq qolkiper öncə əllə yaxşı oynamağı bacarmalıdır. Şahruddin Məhəmmədəliyev isə üzərinə gələn zəif zərbəni belə buraxır. Bunun müdafiə olunacaq heç bir tərəfi yoxdur.