​Pensiyalarla bağlı sevindirici xəbər: Pullar geri alına bilər... -VİDEO

​Pensiyalarla bağlı sevindirici xəbər:
16:02 01.08.2023
134 Sosial
A- A+

Azərbaycanda özəl pensiya fondları yaradıla bilər. 

 

Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qurumun 6 aylıq hesabatı ilə bağlı keçirilən mətbuat konfransında qeyd edib. O bildirib ki, özəl pensiya fondları yaradılarsa, onların dayanıqlılığı yoxlanmalı, vətəndaşların ödədiyi məbləğlərin pensiya qismində onlara geri qaytarılması normativ bazada tənzimlənməlidir. İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, özəl pensiya fondları dövlət pensiya fondları ilə paralel fəaliyyət göstərir. Bu fondların yaradılması həm gələcəyə yatırım, həm də özəl sektorlarda çalışan işçilərə əlavə güzəştlər təqdim etmək üçün daha əlverişlidir. 

 

Ekspert qeyd edib ki, özəl fondlara köçürülən pullar kapital bazarında investisiyalara yönəldilir. Şəxsin vəsaiti hesabına edilən aşağı riskli yatırımlar nəticəsində vətəndaşın pensiya məbləği daha yüksək olur. Pensiya yaşına çatdıqda isə yığılan məbləğ istəyə uyğun olaraq, ya müəyyən dövrlərə bölünür, ya da tam şəkildə vətəndaşa təqdim edilir. İqtisadçı ekspert Rəşad Həsənov isə bildirib ki, Azərbaycanda özəl pensiya fondlarının yaradılması yaxın müddət ərzində mümkün deyil. 2015-ci il böhranından sonra ölkədə 43 bankdan təqribi 17-nin bağlanması ilə maliyyə qurumlarına yaranan etibarsızlıq nəticəsində insanlar yatırım etməkdən imtina edir və ya qısamüddətli yatırımlara üstünlük verirlər. İqtisadçının sözlərinə görə, özəl pensiya fondunun üstünlüyü ondan ibarətdir ki, vətəndaş əmək fəaliyyətini başa vurduqda, daha yüksək məbləğdə təqaüd almaq imkanına malik olur, investisiyalardan əldə olunan vəsaitin bir qismi şəxsin təqaüdünə əlavə edilir və bağlanmış müqaviləyə əsasən, vətəndaş tərəfindən pensiya yaşı, vəsaitin nə qədər müddət ərzində yığılması və istənilən zaman əldə edilməsi şəxsin özü tərəfindən şərtləndirilir. 

 

Lakin ölkədə hazırkı iqtisadi vəziyyət özəl pensiya fondlarının yaradılmasına əlverişli olmadığı üçün qurum ciddi fəaliyyətsizlik, passivlik riskləri ilə üzləşə bilər.

/APA TV