İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Həsənlinin məhkəməsi yekunlaşır. Avqustun 3-də son sözünü deyəcək.
Bu barədə gənc tələbənin anası Dilarə Əsgərova məlumat verib.
Onun sözlərinə görə, Fəridlə iki gün əvvəl telefonla danışıb. “Yaxın günlərdə hökm oxunacaq”-deyən anası bildirib ki, bəzi məsələrlə bağlı vəkilə ehtiyac yaranıb.
Azərbaycanın İrandakı konsulluğu bir neçə vəkil məsləhət görsə də, razılaşma mümkün olmayıb: “İranlı vəkillər fantastik həddə xidmət haqqı tələb edirlər, vəkillər İran azərbaycanlılarldlrlar. Təkcə Fəridin telefon zənglərinə cavab verməyə görə 5000 dollar məbləğ istəyirlər. Prosesdə iştiraka görə isə ağlasığmaz bir məbləğ tələb edirlər. Hələ minnət qoyurlar öz azərbaycanlımızsan. Fəridlə məsləhətləşdik. Fərid dedi ki, vəkilin məhkəmənin qərarına təsir etmək imkanı demək olar ki, sıfırdır və üstəlik ona qarşı irəli sürülən ittihama dair heç bir sübut yoxdur. Məsləhət almaq üçün bu məbləği vermək mənasızdır. Üstəlik də mənim bu məbləği ödəməyə imkanım yoxdur”.
D.Əsgərova deyib ki, məsləhətləşmək üçün Azərbaycandan Fəridi bir vəkillə əlaqələndirmək qərarına gəliblər: “İki vəkil heç bir ödəniş olmadan Fəridə kömək edə biləcəklərini dedilər. Nədənsə Ayərbaycanın İrandakı konsulluğu Fəridlə vəkillər arasında telefon əlaqəsi yarada bilməyəcəklərini bildirdilər. Bu ümidimiz də puç oldu”.
Anasının sözlərinə görə, Fərid çox gərgin psixoloji durumdadır: “Hakimin psixoloji təzyiqləri, bu günə qədər vəkillə təmin olunmaması, məhkəmədə Azərbaycan tərəfdən heç kimin iştirak etməməsi onu çox narahat edir. Hər yerdən əlim üzüldüyü üçün özüm bəzi məsləhətlər verdim”./azpost.info