Sumqayıt Məhkəmə Kompleksində 2017-ci ilin may-iyun aylarında Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələrdə təqsirləndirilərək həbs olunan hərbi hissə komandiri olmuş polkovnik Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev, müddətdən artıq xidmət edən hərbi qulluqçular Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Hərbi məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş tərəf Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıxovun məhkəməyə çağırılmasını istəyb. Prosesə Nəcməddin Sadıqovun bacısı oğlu, general-mayor Ramil Əsgərov şahid qismində çağırılıb.
Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş Ramil Əsgərov məhkəmədə sualları cavablandırarkən məlum olub ki, 2020-ci ildə 44 günlük müharibə dövründə vəzifəsindən azad edilib.
Əsgərov bildirib ki, 2017-ci il mayın 7-də rəhbərliyin göstərişiylə Tərtərə gedib. Həmin vaxt Tərtərdə gedən istintaqa kömək məqsədilə göndərilib. Çünki onun rəhbərlik etdiyi idarədə də təcrübəli təhqiqatçılar olub.
General etiraf edib ki, orada hərbçilərə qarşı bir sıra qanunsuz hərəkətlərin şahidi olublar: ”Məsələn, dindirməyə cəlb olunanların əlləri, gözləri bağlı vəziyyətdə saxlanılırdı, pəncərədən atılma halları və sair hallarla rastlaşmışam. Mən orada bəlkə də 10-cu adam idim. Mənim kiməsə nəsə deməyimin mənası yox idi. Məruzə eləməyə ehtiyac yox idi. Çünki hərbi prokurorluq da daxil olmaqla, səlahiyyət sahibləri orada idi”.
Şahid bildirib ki, Nəcməddin Sadıqovun bacısı oğlu olduğuna görə müəyyən qədər ondan çəkinirdilər.
Məhkəmədə dindirilən zərərçəkmişlər bildiriblər ki, işgəncələr mayın 1-dən başlasa da, bir neçə gün sonra Tərtərə Cəfər Seyidovun rəhbərliyi altında “Sualtı Hücum” (SAH) Dəniz Xüsusi Təyinatlıları gətirilib. Onlar saxlanılan hərbçilərə uzun müddət ağlasığmaz işgəncələr verib.
Prosesdə şahid qismində dindirilən polkovnik C. Seyidov özünün və komandiri olduğu qüvvələrin işgəncələrdə iştirakı haqda zərərçəkənlərin dediklərini qəbul etməyib: “Mən heç bir işgəncə faktında iştirak etməmişəm. Tərtərə gəlməyimizin məqsədi isə sorğuya cəlb olunan hərbçilərin saxlandığı köhnə qərargah binasının mühafizəsini təşkil etmək olub. Həmçinin həmin hadisələr zamanı yaralı hərbçiləri hospitallara aparmaq lazım olanda, bu işləri də görürdük.
İşgəncələrin şahidi olmamışam. Orada olduğum müddətdə kiminsə sözügedən qərargah binasının ikinci mərtəbəsindən özünü atıb öldürdüyünü eşitmişəm. Fikirləşdim ki, axı pəncərədə barmaqlıq var, necə atıb özünü?”
Prosesdə Cəfər Seyidovla zərərçəkənlər arasında gərginlik yaşanıb. Zərərçəkmişlər Seyidovun yalan danışdığını bildiriblər. Onlar vurğulayıb ki, Tərtərdəki işgəncələrə görə həbs olunmalı əsas şəxslərdən biri məhz Seyidovdur.
Qeyd edək ki, Rəşid Niftəliyev, Ramil Qarayev, Vüsal Ələsgərov və Rüstəm Ələsgərovun barəsində Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham verilib.
Bu cinayət işi üzrə 192 nəfər zərərçəkmiş qismində tanınıb.
2021-ci ilin dekabrında “Tərtər işi” üzrə istintaq yenilənəndən sonra işgəncələrə görə cinayət məsuliyyətinə cəlb olunanların sayı 17 nəfərə çatıb. Bir nəfər isə axtarışdadır./ News24.az