​"İldırım Məmmədova rüşvət yox, cibxərcliyi vermişəm..." - Həbsdəki bələdiyyə SƏDRİ

​
16:30 03.08.2023
130 Hadisə
A- A+

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda rüşvət almaqda təqsirləndirilən 19 nəfər yüksək vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

 

Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər sərbəst ifadə verdi. Təqsirləndirilən şəxs, Saray bələdiyyəsinin sabiq sədri Məhi Həsənov bildirib ki, Saray qəsəbəsi, Nərimanov küçəsi 5 ünvanında 76 kvadratmetrlik qeyri-yaşayış sahəsini sənədləşdirmək üçün  Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşı İldırım Məmmədovla danışıb:

 

"Özüm bələdiyyə sədri olduğum üçün həmin ərazini dostumun oğlunun adına özəlləşdirmək istəyirdim. İldırım Məmmədov bildirdi ki, sahənin  özəlləşdirilməsi üçün 52 min manat rüsum ödənilməlidir. O bildirdi ki həmin məbləği hissə-hissə də ödəyə bilərsən. Mən də razılaşdım və  məbləği hissə-hissə ödədim. Bir dəfə 28 min manat, ikinci dəfə isə 24 min manat verdim. Sonradan Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının əməliyyatı zamanı saxlanıldım. Mənə bildirdilər ki sən İldırım Məmmədova rüşvət vermişəm. İstintaq iddia edir ki, guya mən İldırım Məmmədova bu iş üçün 400 manat da rüşvət vermişəm. Mən bu pulu ona rüşvət kimi verməmişəm, cibxərci vermişəm. Xahiş edirəm mənim barəmdə bəraət hökmü çıxarılsın". 

 

Dövlət ittihamçısının suallarını cavablandıran sabiq bələdiyyə sədri bildirdi ki, İldırım Məmmədovu əvvəldən tanıyıb: " O vaxt hələ Sumqayıtda işləyirdi. Torpağı özəlləşdirmək üçün  müraciət etdim, xahişimi yerinə yetirdi. 2 il idi torpağın özəlləşdirilməsi üçün müraciət etmişdim. Hər dəfə bir problem çıxırdı. Gah deyirdilər, torpaq magistral su kəmərinin mühafizə xəttinə düşür,  gah dedilər ki, şəhərsalma rəy verməlidir. İldırım müəllim məzuniyyətə gedirdi deyə ona 400 manat cibxərcliyi verdim. Pulu verəndən sonra mənə kömək elədi. Hazırda da həmin ərazi istifadəmdədir". 

 

Təqsirləndirilən şəxs, Sumqayıt bələdiyyəsinin əməkdaşı  Şıxəli Abbasov isə dedi ki, sərbəst ifadə verməyə hazır deyil. 

 

Digər təqsirləndirilən Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar rayon şöbəsinin müdiri Amil Aslanov da ifadə verdi. O bildirdi ki, heç bir işdə rüşvət almayıb:

 

"Bir nəfər fermer mənə 1900 manat verdi ki, həmin pulu xidmətdə İldırıma çatdır. 100 manat da mənə çatdırmaq pulu verdi. Pulla bərabər mənə 6 hektar torpağın da sənədlərini verdi. Mən də pulu və sənədləri İldırım Məmmədova çatdırdım. Mənim başqa günahım yoxdu. Daha sonra həmin şəxs mənə yenidən 600 manat verdi ki, 100 manatı özünə götür, 500 manatı da çatdır İldırıma. Mən də çatdırdım. Mən rüşvət almamışam, rüşvət verməmişəm".

 

İttihama görə,  İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həmin qurumdan daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

 

İstintaqla ƏMDX-nin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədovun həmin Xidmətin vəzifəli şəxsləri, yerli ərazi şöbələrinin müdirləri, bələdiyyə sədrləri və digər şəxslərlə qabaqcadan əlbir olaraq dövlət qurumunun müvafiq ərazi şöbələrinin yurisdiksiyasına daxil olan ərazilər üzrə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair müsbət rəyin verilməsi məqsədilə 169 halda rüşvət almaları, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, eləcə də bir sıra hallarda vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmələrinə (nüfuz alveri) əsaslı şübhələr müəyyən edilib.

 

Qeyd edilən faktlarla bağlı ümumilikdə 19 vəzifəli şəxs, Dövlət Xidmətinin işçiləri İldırım Məmmədov, onun rəhbərlik etdiyi sektorun baş məsləhətçisi Əsəd Nəsibov, Xidmətin Qazax, Beyləqan, Şəki, Ucar, Şirvan, Xaçmaz, Qəbələ, Cəlilabad, Bərdə, Lənkəran ərazi şöbələrinin müdirləri Ehtiram Eyvazov, Elsevər Paşayev, Mübariz Paşayev, Amil Aslanov, Nazim Səfərov, Aydın Cəfərov, Baği Məsimov, Mircəlal Xurşudzadə, Nicat Abbasov, Pərviz Ələkbərov, Abşeron rayonun Saray, Şəki rayonun Qoxmuq, Qazax rayonun Daşsalahlı, Salyan rayonun Şorsulu və Sumqayıt bələdiyyələrinin sədrləri Məhi Həsənov, Etibar Eyvazov, Asif Yusifov, Famil Məmmədov, Sərviz Süleymanov,  Sumqayıt bələdiyyəsinin icra aparatının təşkilat şöbəsinin müdiri Şıxəli Abbasov, Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ruslan Əliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) və digər maddələri ilə ittiham elan edilərək barələrində həbs, ev dustaqlığı, vəzifədən kənarlaşdırma və polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib./News24.az