​Elza: “Oğlumun toyunda İlhamə Quliyeva günümü qara əskiyə bükmüşdü”

​Elza:
12:26 04.08.2023
121 Maqazin
A- A+

"İlhamə Quliyeva məni restorana dəvət edirdi, mən isə getmirdim. Çünki gedəndə qeybət eşidirdim. Xüsusilə də Flora Kərimova haqqında qeybət edirdi. Mən isə onun o sözlərini təsdiq etmirdim. İlhamə xanım nəsə deyəndə mən də nəsə söyləməliydim. Mən isə susurdum". 

 

Referans.az  bizim.media-ya istinadən bildriir ki, bu sözləri Əməkdar artisti Elza Seyidcahan "Retro Baku" verilişinə müsahibəsində deyib. 

 

Sənətçi mərhum Xalq artisti İlhamə Quliyeva ilə münasibətlərindən söz açıb: 

 

"Konsertimdən bir gün əvvəl İlhamə xanıma zəng vurdum ki, sizin "Göygöl" mahnınızı oxumaq istəyirəm. Mənə icazə verirsiniz? Cavab verdi ki, oxu. Konsertimə gəldi və mahnını oxuyandan sonra ayaq üstə məni alqışladı. Konsertdən sonra mənə zəng vurub restorana dəvət etdi.

 

Bacım Lalə ilə onun yanına getdim. Yeməklərlə bol süfrə açılmışdı. Dedi ki, anam ölüb, heç kimim yoxdur. Dörd ildir ki, özümə konsert etmirəm. Ağladı... Dedim ki, İlhamə xanım ağlamayın. Biz də sizin bacılarınızıq. Dedim ki, sizə konsert verməyə kömək edərəm. Ondan sonra İlhamə xanıma yazıb, bəstələdiyim "Ağ çiçəyim" mahnısını hədiyyə verdim. Dedim ki, bu mahnı ilə sizə layihə edək". 

 

Elza "Ağ çiçəyim" mahnısına görə İlhamə Quliyeva ilə aralarında yaşanan qalmaqaldan bəhs edib: 

 

""Ağ çiçəyim" mahnısının təqdimatına gecikdim. Mən stilist Pərviz Mirzəyevin ucbatından həmin mahnıya çəkilmiş klip təqdimatına gecikdim. Görün, İlhamə xanımda necə ədəb-ərkan var ki, o mənə bir gün əvvəl söyləmişdi ki, sən tədbirə bir saat tez gəl. Çünki hörmətli qonaqlar gələcək və onları qarşılamaq lazımdır. Mən də ki bir saat gecikdim. İlhamə xanım isə təqdimata bir saat tez gəlmişdi və gözləmişdi.

 

O, təqdimata tək də başlaya bilərdi. Amma görün bəstəkara, yəni mənə necə hörmət edib ki, mənsiz təqdimata başlamayıb və məni gözləyib. Gələndən sonra da mənə söylədi ki, sən kimsən axı, təqdimata gecikirsən". 

 

İllər əvvəl İlhamə Quliyevanın müsahibələrin birində söylədiyi "Ayaqlarımı yaxşı yuyursan" sözlərinə E.Seyidcahan aydınlıq gətirib: 

 

"Seçki öncəsi rayonlara konsertlərə gedirdik. Kəskin soyuq, qış havası idi. İlhamə xanımın təzyiqi qalxmışdı və gözlərinə qan yığılmışdı. Mən də Tovuzda idim. Onun ayağına su qoymalı idim, çünki təzyiqi qalxmışdı. Rayon yeri olduğundan sular da donmuşdu. Çətinliklə su tapdım. Vannanı su ilə doldurdum ki, ayaqlarını suya qoysun. O sonra saçını darayıb, əynini geyinib yatdı. Mən də öz otağıma gedib yatdım. Sonra isə efirdə İlhamə xanım dedi ki, ayaqlarımı yaxşı yuyursan. Mən isə yenə də deyirəm ki, ayağını da yuyaram. Ayaq yumaq daxili zənginlikdən xəbər verir". 

 

Seyidcahan vurğulayıb ki, aralarında yaşanan qalmaqala görə, Quliyevaya ""Ağ çiçəyim" mahnısını oxumağa qadağa etmişdi:

 

"İlhamə xanım hər zaman mənim evimə də gəlib, ona gözəl süfrə açmışam. O mənə hörmət etməsəydi, evimə gəlməzdi. Gəlinimin xınayaxtısına gələndə orada dedi ki, Elza mənim bacımdır. Arxamca çox şeylər danışırdı. Günlərin bir günü İlhamə xanım haqqımda demişdi ki, mən Elzanın səviyyəsində deyiləm ki, onunla bir səhnəni bölüşüm. Onun bu müsahibəsindən sonra üç gün gözlədim ki, İlhamə xanım çıxıb deyər ki, mən fikrimi düzgün ifadə etməmişəm. Amma demədi. Üç gündən sonra jurnalistlərə "Əgər mən onun səviyyəsində deyiləmsə, artıq onu narahat etmərəm.

 

Onun səviyyəsindən çıxmaq istəyirəm. "Ağ çiçəyim" mahnısını isə ona oxumağa qadağan edirəm" deyə cavab verdim. Sağ ikən İlhamə xanıma bu sözləri demək, hər adamın hünəri deyildi. Sanki qurbağa gölünə daş atdılar. İlhamə xanım mənə heçnə demədi və bir daha o mahnını oxumadı". 

 

Elza bildirib ki, oğlu skripka ifaçısı Əkbərin toyuna İlhamə Quliyevanı çağırması ona baha başa gəlib. Belə ki, məclisdə sevmədiyi ifaçıları görən Quliyeva Seyidcahanın üstünə qışqırıb və etiraz edib:

 

"Oğlumun toyuna İlhamə xanımı dəvət etdim. O, toyda günümü qara əskiyə bükdü. Dedi ki, Xalq artisti Nazpəri Dostəliyevanı, Xatirə İslamı və Xuraman Şuşalını niyə toya dəvət etmisən. Çağırdı məni və orada üstümə qışqırdı. Amma ölümünə yaxın başındakı tacını Xatirə İslamın başına qoydu".