“İstidən qorunma tədbirləri ancaq sağlamlıq problemləri olan şəxslərə deyil, tam sağlam insanlara da aiddir. İnsanlar havanın temperaturunun yüksək olduğu bu günlərdə günəş şüaları altında çox qalmamalıdır. Tövsiyə olunur ki, vətəndaşlar saat 12:00-dan 17:00-a qədər açıq günəş şüasına məruz qalan yerlərdə olmasınlar”.
Referans.az xəbər verir ki, bunu report-a açıqlamasında Kliniki Tibbi Mərkəzin həkimi, terapevt Könül Bənənyarksya deyib.
Onun sözlərinə görə, günün çox hissəsini açıq havada keçirdikdə və günəş şüaları altında fiziki işlə məşğul olduqda günvurma baş verə bilər:
“Günvurmaya daha çox uşaqların, 60 yaşdan yuxarı şəxslərin və xroniki xəstəliklərdən əziyyət çəkən insanların məruz qaldığı müşahidə olunur. İstidən qorunma tədbirləri isə ancaq bu şəxslərə yox, tam sağlam insanlara da aiddir. Belə ki, insanlar günəş şüaları altında çox qalmamalıdır. Əgər şəxs buna məcburdursa, yəni günəş şüaları altında işləyirsə mütləq şəkildə qoruyucu vasitələrdən, yəni papaqdan, çətirdən istifadə etməlidir. Həmin insanların yanında mütləq şəkildə sərin su olmalıdr. Bu günlərdə qəbul edilən mayenin miqdarının normadan çox olması tövsiyə edilir”.
Həkim bildirir ki, günvurma yüngül, orta və ağır olmaqla dərəcəsinə görə üç yerə ayrılır:
“Yüngül günvurma halında rast gəlinən şikayətlər ürəkbulanma, göz bəbəklərinin genişlənməsi, yüngül təngnəfəslik, ürək döyüntülərinin sayının artması və baş ağrısıdır. Orta dərəcədə isə daha kəskin baş ağrıları, qusma, qulağın batması, halsızlıq, bədən temperaturunun artması, huşun itirilməsi halları ilə müşahidə olunur. Ağır dərəcədə isə kəskin halsızlıq, bədən temperaturunun 40-41 dərəcəyə qalxması, qarabasmaların olması, hətta komaya düşmə ilə də nəticələnə bilər”.
Terapevt günvurma zamanı ilkin tibbi yardımdan da söz açıb:
“İlk növbədə zərəçəkmiş insan sərin və kölgəlik yerə aparılmalıdır. Əgər şəxsin üst geyimləri qalındırsa onları mütləq şəkildə yüngülləşdirmək lazımdır. Bədən tempereaturunu salmaq üçün boyun, qoltuq altı və qasıq nahiyəsinə soyuq kompres qoyulmalıdır. Xəstəyə sərin su vermək lazımdır. Əgər xəstə artıq huşunu itiribsə ona naşatr spirti qoxladılmalıdır. Tənəffüsdə problem varsa ürəyin qapalı masajına keçmək lazımdır. Tövsiyə olunur ki, vətəndaşlar saat 12:00-dan 17:00-a qədər açıq günəş şüasına məruz qalan yerlərdə olmasınlar. Çimərliklərdə isə səhər saat 11:00-ə kimi və 16:00-dan sonra olmaq tövsiyə olunur”.