Dünən şəhidimiz Arəstə Baxışovanın şəhid olduğu günün ildönümü idi. Xanım şəhidimizin Binəqədi rayonunda keçirilən ildönümünə rəsmi qurumlardan və televiziya kanallarından heç kimin iştirak etməməsi haqlı olaraq cəmiyyətdə qəzəblə qarşılanıb.
"Görəsən məmurlar , televiziya rəhbərləri İki azyaşlı övladını gözü yolda qoyaraq, vətənin müdafiəsinə qalxan şəhid xanıma qarşı bu cür biganəlikdən utanırlarmı? ÇƏTİN…
3 min şəhidin bacısına göstərdiyiniz münasibət budurmu? AR OLSUN SİZƏ!
Mən vətəndaş olaraq deyirəm: Əlimdə səlahiyyət olsa, sizin kimi vicdansızları bir gün də olsun oturduğunuz kürsülərdə saxlamaram!
Sizlər savaş zamanı kişi cinsindən olan övladlarınızı tuman altında gizlədəndə, Arəstə Baxışova vətən üçün döyüşə atılmışdı. Sizlər savaş zamanı yalançı vətənşüvənlik edəndə, Arəstə Baxışova yaralı əsgəri döyüş meydanından çıxarırdı. Siz hardan biləsiniz ki, həyatını, vətənə və vətən üçün canını sipər edən Azərbaycan Əsgərinə qurban etmək nə deməkdir.
Ümid edirəm ki, şəhid Azərbaycan xanımına qarşı olan bu cür hörmətsizlik edən məmurlar layiq olduqları cəzanı alacaqlar".
SÜLH.İNFO.az xəbər verir ki, bu sözləri ürək ağrısı ilə Sözcü.az saytının rəhbəri Elşən Əlisoy paylaşıb.
Qeyd edək ki, Arəstə Kərim qızı Baxışova 4 may 1989-cu ildə Xaçmaz şəhərində doğulub.
Atası baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olarkən vəfat edib.
Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində “İngilis dili” üzrə təhsil alıb.
2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində operator vəzifəsində xidmət edib.
Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. O, 23 oktyabr tarixində Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı əsgəri xilas edərkən şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub.