​Korrupsiya əməliyyatı zamanı Tərtərin başçısı HARADA OLUB?

​Korrupsiya əməliyyatı zamanı
12:15 09.08.2023
139 Hadisə
A- A+

 

Xəbər verdiyimiz kimi, Tərtər rayonunda bir neçə gün əvvəl Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçiridiyi əməliyyat zamanı Tərtər rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri – baş memar Tofiq Kərimov həbs edildi.

Gününsesi.info-nın yazdığına görə, T.kərimovun istintaqa verdiyi ilkin ifadələrində rayon icra başçısı Müstəqim Məmmədovun əleyhinə söylədikləri onun həbs edilməsi üçün ciddi əsas yaradıb.

 

Bu xəbər RTV-də yayımlandıqdan sonra Tərtər Rayon İcra Hakimiyyətindən iddialara cavab verilib. 

 

Tərtər RİH-dən saytımıza bildirilib ki, Müstəqim Məmmədov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçiridiyi əməliyyat zamanı əmək məzuniyyətində olub:

 

"31 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Tərtər Rayon İcra hakimiyyətində əməliyyat kecirib və icra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Tofiq Kərimov saxlanılıb. Faktla bağlı başlanmış cinayət işi üzrə Tofiq Kərimov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə istintaqa cəlb olunub. Məhkəmənin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib. Tofiq Kərimov 01 avqust 2023-cü il tarixdə tutduğu vəzifədən azad edilib.

 

Təqsirləndirilən şəxsin digər qanunazidd əməlləri, habelə iş üzrə digər təqsirli şəxslərin əhatə dairəsini istintaq qrupu müəyyənləşdirdiyi üçün rayon icra hakimiyyəti bu barədə məlumat vermək səlahiyyətinə malik deyil. İstintaqın gedişi ilə bağlı vətəndaşlara Respublika prokurorluğu tərəfindən məlumat veriləcək.

 

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 31 iyul 2023-cü il tarixdən əmək məzuniyyətindədir. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Tərtər Rayon İcra hakimiyyətində əməliyyat aparılan zamanı işdə olmayıb".

 

Xatırladaq ki, Baş Prokurorluğun açıqlamasında Tofiq Kərimovun yerli vətəndaşdan tikintiyə icazə üçün 25 min manat pul aldığı bildirilir. Onun bu vəsaiti icra başçısına verdiyi deyilir.