Bu həftədən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçirilir.
Əvvəl parklanma ilə bağlı konkret qiymətlər dəqiqləşdiyindən və ciddi nəzarət mexanizmi olmadığından "parkovşiklər" hər gün sürücülərin cibinə girərək, yüzlərlə manat mənimsəyirdilər.
Lakin bundan sonra vəziyyət necə olacağını zaman göstərəcək.
Bəs nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımının yalnız nağdsız qaydada həyata keçirilməsi büdcəyə necə təsir göstərə bilər?
Sulh.info.az xəbər verir ki, məsələ ilə bağlı Trend-in suallarını cavablayan iqtisadçı ekspert Eyyub Kərimli qeyd edib ki, ötən ildən bəri ölkəmizdə inflyasiya prosesləri davam edir.
"Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin nağdsız qaydada həyata keçirilməsi büdcə üçün əlavə gəlirdir. Bu, həm qeyri-qanuni dövriyyəni aradan qaldırır, həm də vergi ödəmələrini artırır. Əsas məsələlərdən biri də odur ki, artıq parklanma dövlət təşkilatları tərəfindən həyata keçirilir. Bu da onu deməyə əsas verir ki, orada çalışanlar rəsmi qaydada işə götürülüb. Bu layihə getdikcə genişlənəcək".
Ekspert əlavə edib ki, mütəxəssislərin təqribi hesablamalarına əsasən, ayda qeyri-qanuni parklanmanın aylıq dövriyyəsi bir milyon manat idi.
"Bu rəqəmi aya vursaq, ildə böyük vəsait edir. Həmin pulun indi büdcəyə daxil olması büdcə gəlirlərinin artımına da öz təsirini göstərəcək. Həmçinin, orada çalışanların əmək müqaviləsi rəsmiləşəcək və onların gələcəkdə pensiya təminatına müsbət təsir edəcək. Əvvəl qeyri-qanuni parklanma ilə məşğul olanlar müraciət edərək, işə qəbul olub fəaliyyətlərini rəsmiləşdirə bilərlər."
E.Kərimli bildirib ki, tariflər müəyyən qədər bahadır.
"Belə ki, qısamüddətli vaxt üçün tariflər münasib olsa da, uzunmüddətli üçün isə bahadır", - deyə o qeyd edib.