Bakı şəhəri Binəqədi rayonunda yeniyetmələr arasında dava olub. 16 yaşlı Rəşid Məmmədov özündən iki yaş kiçik Şəhriyar Quluzadəni bıçaqlayıb.
Ümumiyyətlə, yeniyetmələr arasında insidentlərin artdığını müşahidə edirik. Ötən ilin noyabr ayında 16 yaşlı cüdoçu Tural Rüstəmovun rəqibi Ruslan Səfixanov tərəfindən aralarında yaranan mübahisə nəticəsində bıçaqlanaraq həyatını itirməsi ölkədə rezonansa səbəb olmuşdu.
Yeniyetməlik yaşları həssas dövrdür. Bu dövrdəki hansı davranışlar münaqişələrə aparır? Yeniyetmələrdə bu aqressiyanın səbəbi nədir?
Psixoloq Rövşən Nəcəfovun sözlərinə görə insan psixologiyasının formalaşması müxtəlif yaş dövrlərinə görə fərqlənir.
Sulh.info.az xəbər verir ki, demokrat.az-a açıqlama verən psixoloq qeyd edib ki, xüsusən də yeniyetməlik dövründə insanda həm fizioloji, bioloji, həm də psixoloji dəyişikliklər, inkişaf baş verir.
“İnsan şəxsiyyət olaraq özünü təsdiq etmək istəyir. Bu zaman özünü ifadə etmək üçün düşüncəsinə uyğun meydan axtarır. Bəzən bu, həmyaşıdları ilə mübahisələrə, münaqişə və davalara gətirib çıxarır. Bu da ailədə və cəmiyyətdə yazılmamış qanunların nəticəsidir. Təəssüf ki, çox vaxt övladlarımıza yazılı qanunları deyil, yazılmamış qanunları aşılayırıq. Nə olur, olsun, insan istənilən yaş dövründə qanuna riayət etməlidir. Psixologiyanın sərhədi hüquqa qədərdir”.
R.Nəcəfovun fikrincə, belə cinayətlərin baş verməməsi üçün ailədə və cəmiyyətdə sağlam mühit formalaşdırmalıyıq.
“Valideynlər uşaqlarında aqressiya görəndə, ümumiyyətlə, keçid dövründə onları psixoloqa aparmaqdan çəkinməməlidirlər. Psixoloqa getmək qınanmamalıdır, psixoloq “dəli həkimi” deyil. Anlamalıyıq ki, övladımıza nə qədər obyektiv yanaşsaq, bir o qədər onun xeyirinə iş görmüş olarıq”.
Son olaraq ekspert əlavə edib ki, bütün məşğuliyyətlərdə uşaqların psixologiyası nəzərə alınmalıdır:
“Məsələn, uşağı idman sahəsinə yönləndirəndə onun fiziki hazırlığı ilə yanaşı psixoloji vəziyyətini də nəzərə almaq lazımdır. Məşqçilər bu məqamı valideynlərin diqqətinə çatdırmalıdırlar. İdmana gedən bilməlidir ki, döyüş yalnız rinqdə tatami üzərindədir, küçədə deyil. Bu sərhədi bilsək, bir-birimizin yaşamına çətinlik yaratmarıq. Uşaqlarımıza digərlərinin həyatına mane olmamağı öyrətməliyik”.