Nazirlər Kabineti 28 aprel 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Bu qanunun əhəmiyyəti nədir? Pensiyaçılara necə təsir göstərəcək? Bundan sonra pensiyalar necə hesablanacaq?
“Vətəndaşın pensiya təyanatınadək aldığı ödənişlər və artımlar pensiyanın hesablanmasında istifadə olunacaq”
Sulh.info.az xəbər verir ki, bu və ya digər sualları cavablandıran Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Bizim.Media açıqlamasında, qərarda edilən dəyişiklikləri pensiya sahəsində sosial ədalətlilik prinsipinin təmin edilməsi istiqamətində davam etdirilən siyasətin növbəti nümunəsi kimi dəyərləndirib:
“Bu Qərara əsasən, pensiya qanunvericliyində 5 bənd üzrə dəyişikliklər həyata keçirilib. Dəyişikliklərdən 3-ü daha çox texniki xarakter daşıyır və sosial qanunvericilikdə indiyə qədər olan texniki uyğunsuzluqların tam aradan qaldırılmasını nəzərdə tutur. Digər mühüm dəyişikliklər isə birbaşa pensiya təyinatında yeni mexanizm və yanaşmaların tətbiqi ilə bağlıdır”.
Millət vəkilinin sözlərinə görə, əsas dəyişikliklər olan 1.3 və 1.4-cü bəndlərin hüquqi təsbitinə əsasən, bundan sonra əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən əməkhaqqı, dövlət məvacibi, yaxud təminat xərcliyi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar pensiya təyinatı tarixinə qədər nəzərə alınacaq:
“Bu da o deməkdir ki, pensiya təyinatınadək olan əmək və ya xidməti vəzifələrinin yerinə yetirilməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar pensiya məbləğinin hesablanmasında istifadə olunacaq. Digər mühim dəyişiklik əmək pensiyasının sığorta hissəsi qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğdə artırıldıqda, pensiya yenidən hesablanacaq.
Bu tənzimləmələr dövlət və hərbi qulluqçulara, xüsusi rütbəli şəxslərin əmək pensiyalarındakı artımlara şamildir. Beləliklə, həmin dəyişikliklərdən sonra pensiya artımları baş verən zaman pensiya məbləğinin yenidən hesablanmasına və artırılmasına imkan yaradacaq. Deməli, bu hallarda vətəndaşlarımızın pensiyası yenidən hesablanıb artırıla biləcək”.
“Bundan sonra əmək haqlarından əlavə verilən digər ödənişlər pensiya hesablanmasında nəzərə alınacaq”
Yeni dəyişikliyin böyük əhəmiyyətə malik olduğunu deyən iqtisadçı-ekspert Eyyub Kərimlinin sözlərinə görə, əvvəlki qanunvericiliyə əsasən, bəzi dövlət orqanlarında əmək haqlarına edilən əlavələr əmək haqqı fonduna daxil edilirdi və həmin artımlar pensiya ödənişlərində nəzərə alınmırdı:
“Ona görə ki, dövlət qulluqçularına mükafatlar, bayram mükafatları, üç aydan bir verilən ikiqat maaş və digər əlavələr vardı. Bu da pensiya kapitalında hesablanmırdı. Ancaq bu qərardan sonra əmək haqlarından əlavə verilən digər ödənişlər pensiya hesablanmasında nəzərə alınacaq. Bu da gələcəkdə dövlət qulluqçusu kateqoriyasına daxil olan şəxslərin pensiyalarının iki dəfə artmasına səbəb olacaq”.
Onun sözlərinə görə, bu qərar əsasən hüquq-mühafizə orqanlarının əməkdaşlarına, hərbçilərə, dövlət qulluqçularına, o cümlədən özəl sektorda çalışanlara müsbət təsir edəcək:
“Məlum olduğu kimi, polislərə, hərbçilərə və bu qəbildən olan digər sahələrin əməkdaşlarına təminat məsələləri ilə bağlı əlavə ödənişlər edilirdi. Bunlar da hesablanaraq əmək haqlarının üzərinə gəlinəcək ki, bunun da əsasında yeni pensiya hesablanacaq”.