Sülh sazişinin imzalanacağına ümidlər çoxaldığı vaxtda Qarabağda gərginlik artır. Müharibənin bitməsini istəməyən, sülhü arzulamayan qüvvələr yenidən fəallaşıb. Rollar o qədər sürətlə dəyişir ki, bəzən kimin sülhdən, kimin savaşdan yana olduğunu tam mənası ilə kəsdirmək çətinləşir.
Rusiya sülhməramlı kontingenti Ermənistandan Xankəndiyə göndərilən TIR-ların sərhəddən keçməsində maraqlı deyil. Bizə canları yanmır. “TIR şousu”nun müəllifi Avropa İttifaqıdır. Rusiya mövqeləri əldən verməmək, təşəbbüsü Qərbə qapdırmamaq üçün dirəşir. Fəqət Moskva paraleldə sülhməramlıların əli ilə erməni separatçılarını silahlandırmağa davam edir.
Biz sözlə, hərənin öz oyunu var. Amma vəziyyət bizim üçün o qədər də ümidsiz, durumumuz elə də çarəsiz sayılmaz. Azərbaycan dövləti barışa da hazırdır, savaşa da.
Azərbaycanın hərbi-siyasi baxımdan mövqeyi güclüdür. Təmkinli, soyuqqanlı davranmasının bir səbəbi budur. Qərb hər nə qədər son günlər Xankəndidə humanitar fəlakət bəhanəsi ilə Azərbaycanı sıxışdırmağa çalışsa da, qlobal olaraq Bakı ilə münasibətlərdə ehtiyatlı davranır.
Bu bölgədə fövqəladə maraqlı bir oyunçu daha var – Çin. Pekinin regiondakı maraqları Qərbin strateji maraqları ilə əksər vaxt üst-üstə düşmür. Ona görə də ehtiyatlı davranmağa məcburdur. Çinin Qarabağ müharibəsində tutduğu mövqe, Azərbaycana münasibəti, Zəngəzur dəhlizinin açılmasında marağı, Güney Qafqaz bölgəsində hədəfi haqda politoloqlarının, analitiklərin fikirləri ilə tanışıq. Üstəlik Azərbaycanın Avropa üçün vazkeçilməz olduğunu da yaxşı bilirik. Təkcə Avropa üçün də yox. ABŞ üçün də eyni statusdayıq. Mərkəzi və Cənub Şərqi Asiyaya, Əfqanıstana çıxışın ən əlverişli marşrutu məhz Azərbaycan üzərindən reallaşır.
Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi, İsraillə əlverişli münasibətləri, Pakistanla sıx əməkdaşlığı onun mövqelərini gücləndirən digər amildir.
Bu mərhələdə Qərbdən üzərimizə gələn təzyiq geniş planda onunla müttəfiqliyi zədələmir, bizə də dəhşətli təhlükə yaratmır. Zaman-zaman bu cür kampaniyalarla rastlaşırıq. Baş verənlərdə erməni lobbisinin təsirinin olduğu məlumdur. Geniş prizmadan yanaşdıqda isə bu, təkcə Azərbaycanla bağlı deyil, daha çox qlobal güclərin mövqe və nüfuz savaşıdır. Qarabağ problemi kimin vasitəsilə həll edilsə, sülh sazişi hansı masada imzalansa, Güney Qafqazda söz sahibi o olacaq. Həmçinin Zəngəzur dəhlizinin nəzarət paketində də əsas “səhmdara” çevriləcək. Hər kəs indidən Azərbaycana yaxın olmaq üçün əlləşir. Ölkəmizin indiki durumu təxminən şairin misrasındakı kimidir: Hamı bizə sarı gəlir. Amma biz yerimizdə dayanmışıq.
Bu bölgədə Azərbaycanın və Türkiyənin razılığı olmadan mövqe tutmaq, balans qurmaq getdikcə çətinləşir. Əvvəlki zamanlar, şərtlər yoxdur artıq. Şərtləri əsasən Bakı və Ankara diktə edir. Ermənistan o qədər kiçilib, zəifləyib ki, onun üzərindən qlobal planlar qurmaq demək olar mümkünsüz hala gəlib. Ermənistanı indən sonra gücləndirmək, bölgədə aparıcı aktora çevirmək də mümkün görünmür.
Bu ölkədə daxili gərginlik getdikcə artır. Əvvəlki həmrəylik yerini qarşılıqlı ittihamlara, inamsızlığı verir. Erməni ictimaiyyətindən Nikol Paşinyana ünvanlanan sərt ittihamlar hər gün daha da artır. Onu və komandasını ölkəni satmaqda suçlayırlar. Hətta separatçıların “lideri” Araik Arutyunyan haqda da “satqın” ifadələri işlədilir. Ötən yazımızda bunu “məğlubiyyət sindromu” adlandırmışdıq. Azərbaycanın müharibədəki qələbəsi ermənilərin içinə elə qırğın salıb ki, asanlıqla sakitləşənə oxşamırlar.
Rəsmi Bakı sülh çağırışları etməsi ilə yanaşı müharibə, daha doğrusu, antiterror əməliyyatı haqqını da özündə saxlayır. Kimlərsə Ermənistanı qızışdırıb savaşa sürükləyirsə, bunun nəticələrini də hesaba almalıdır.
44 günlük müharibə Şuşaya bayraq sancmaqla yekunlaşdı. Bu dəfə hərbi əməliyyatlar başlasa, Azərbaycan Ordusunu kim və necə dayandıracaq?
Şuşaya bayraq sancan Ordu ilə zarafat eləmək olmaz. Azərbaycan hərbçilərinin çəkmələri Göyçə dağlarına kimi gedib çıxıb.
Bunları düşünərkən separatçıların və Ermənistanın müharibə hazırlıqları, Qarabağda səngər və sığınacaq qazmaları, mina basdırmaları barədə xəbərlər acı təbəssüm və təəccüb yaradır. Nəyə, kimə arxayın olub həvəsə gəlib bu bədbəxtlər? Özlərinə qəbir qazırlar? Ohanyan səddini dağıdıb, Qarabağı azad edən ordunun qabağını dəlmə-deşiklə alacaqlar? Ermənistana dəstək verib, savaşa göndərən güclər əslində ona ölüm hökmü çıxarıb./Globalinfo.az