Rusiya Mərkəzi Bankının uçot dərəcəsini 5 faiz artıraraq 12 faizə çatdırmaq qərarından dərhal sonra rublun dəyərsizləşməsi prosesi yenidən sürətlənib.
Bankın qərarının açıqlanmasından 15 dəqiqə sonra Moskva valyuta birjasında 1 dollar 99 rubla, 1 avro isə 109 rubla ticarət olunmağa başlayıb.
Dünən rublun məzənnəsi dollar qarşısında 101 rubla, avro qarşısında isə 110 rubla qədər ucuzlaşanda Rusiya Mərkəzi Bankı bu günə Direktorlar Şurasının uçot dərəcəsinə dair iclasını təyin etdi. Bu xəbər dolların 97,5 rubla, avronun isə 108 rubla qədər geriləməsinə səbəb oldu. Lakin bu gün Mərkəzi Bank hər hansı əlavə məhdudlaşdırıcı tədbirlər olmadan uçot dərəcəsini artırdıqdan sonra rublun çöküşü yenidən sürətlənib.
Rusiyalı ekspertlər hesab edirlər ki, Mərkəzi Bank uçot dərəcəsini artırmaqla yanaşı, daha sərt monetar addımlar atmasa, rublun dəyərsizləşməsini dayandırmaq mümkün olmayacaq.