"Son zamanlar bu sözdən utanıram desəm, məni qınamayın: hər sevgilisindən, ərindən ayrılan bəzən heç qarşı tərəfin xəbəri belə olmadan uşağı dünyaya gətirib yanına alır. Bəziləri isə lap betər. Əri olduğu halda gizli, yüngül həyat tərzi yaşayıb, "mən güclü qadınam" deyir. Nə savad, nə sənət var. Bir peşənin sahibi deyil. Nəyinlə güclü qadın olursan, bəs?".
Bu sözləri aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırarkən yazıb. O, övladını tək böyütməsi haqda yazılanlara münasibət bildirib:
"Bu, bir ayrı mövzudur. Təbii ki, bu, hər kəsə aid deyil. Övladı ilə tək qalan qadının birinci işi onu qorumaq olmalıdır. O xahiş etməmişdi ki, məni dünyaya gətir. Sən bunu anladığın anda, məcburiyyətlərini də dərk edirsən. Ya sənətin, diplomun, işin, ya da öhdəsindən gələ biləcəyin bir peşən, qazanc yerin mütləqdir. Ümidlərlə yaşam olmaz. İkinci, heç kimin əsiri, köləsi, əlinə baxan, "vay bu gedərsə, mən nə yeyib içərəm" qorxusu ilə yaşayacaq biri olmamalısan. Qazancının altında yaşam tərzi seçməlisən, üstündə yox. Ev, maşın, geyim, yemək, restoran, uşağın təhsili - bunların hamısı göstəriş yox, özünün edə biləcəyin büdcədə olmalıdır ki, yarıyolda qalmayasan. Sosial şəbəkə çox insanları göstərişli həyata alışdırdı. Bu, uçurumdur. Tanınmaq üçün evlənən, boşanan, evdən qaçan, kimləri görmədik... Çox böyük və vacib mövzudur. Bu dünyada nə şahzadə var, nə də bir öpüşlə şahzadə olacaq qurbağa".
Vüsalə ikinci dəfə ailə qurmaq istəməsi haqda suala isə belə reaksiya verib:
"Artıq 10 ildir həmişə "mümkün deyil, heç vaxt" deyirdim. He vaxt heç vaxt demə. Bu sözdən çox qorxuram. Ona görə də qismətə buraxdım, yəni axarına. Su axar çuxurunu tapar. Əslində mənim belə bir planım olmayıb. Təklif də olub, elçi də. İlk dəfə daha asandır, nəyinki sonra. İnsan yanılmaqdan, səhv seçim etməkdən qorxur. Həm də övladı olan ana üçün".