​Xankəndidə separatçılığı təbliğ edən ermənini hansı cəza gözləyir? - DETALLAR

​Xankəndidə separatçılığı təbliğ edən
12:42 22.08.2023
105 Siyasət
A- A+

Azərbaycanın Xankəndi şəhərində yaşayan və özünü Karen Matevosyan kimi təqdim edən hərbi geyimdə olan şəxsin avqustun 21-də teleqram və digər internet informasiya resurslarında rus dilində yayımlanmış videomüraciəti üzrə Azərbaycanın Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma aparılıb.

Azərbaycanın Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırma zamanı qeyd olunan şəxsin videomüraciətində ölkəmizin ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslərə səslənərək həmin ərazini qanunsuz olaraq dövlət təsisatları olan müstəqil “Artsax Respublikası” kimi adlandırması, ərazimizdə Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan və Azərbaycanın Silahlı Qüvvələrinin tərkibində mövcud olmayan “Yerli özünü müdafiə qüvvələri” adlı qanunsuz yaratdığı silahlı birləşmənin komandiri olduğunu açıq şəkildə bəyan etməsi, həmin silahlı birləşmə və qrupların fəaliyyətində iştirak etməsi, azərbaycanlıları düşmən adlandırmaqla Azərbaycan xalqına qarşı nifrət məzmunlu çıxışlar etməsi, Xankəndi və ətraf yaşayış məntəqələrində yaşayan erməniəsilli şəxsləri qorxmamağa və xalq kimi birləşib azərbaycanlılara qarşı mübarizə aparmağa çağıraraq Azərbaycan xalqının milli ləyaqətini alçaltmağa yönələn fikirlər səsləndirməsi, habelə aşkar surətdə internet informasiya resurslarından istifadə etməklə milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməsi müəyyən edilib.

Qeyd olunanlara əsasən avqustun 22-də Azərbaycanın Baş Prokurorluğu tərəfindən fakta görə Azərbaycan Cinayət Məcəlləsinin 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Sulh.info.az  Cebhe.info-ya istinadla Cinayət Məcəlləsinə əsasən sözügedən maddələr üzrə cinayətkarın neçə il müddətinə azadlıqdan məhrum ediləcəyini təqdim edir:

*Maddə 279. Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma

279.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə- üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

*Maddə 283. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması

283.1. Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləviinformasiya vasitələrindən istifadə olunmaqla törədildikdə- min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.