Xəbər verdiyimiz kimi, yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində 5 ballıq zəlzələ olub. Zəlzələ ocağı 13 km dərinlikdə yerləşib, episentrdə 4 bala yaxın hiss edilib. Son zamanlar ölkəmizdə yeraltı təkanların sayının artması insanlarımızın haqlı narahatçılığına səbəb olub. Xüsisən də, Türkiyədə baş verən və on minlərlə insanın həyatına bais olan zəlzələdən sonra hər kəs bu məsələyə daha həssas yanaşır. Bu baxımdan, gecə baş verən 5 ballıq zəlzələ çoxlarını qorxutdu desək, yanılmarıq. Maraqlıdır, Azərbaycanda dağıdıcı zəlzələnin olma ehtimalı nə qədərdir və bu mənada ölkəmizdə hansı bölgələr riskli zona hesab edilir?
Mövzu ilə bağlı News24.az- a danışan Coğrafiya İnstitutunun ekocoğrafiya şöbəsinin müdiri, seysmoloq Ənvər Əliyev dedi ki, Azərbaycan ərazisi dünyanın ən tektonik baxımdan ən aktiv üç dağ əmələgəlmə - zəlzələ zonasında yerləşir və burada orta ballı zəlzələlərin olmağı mütləqdir:
"Bunun nə vaxtını, nə məkanını biz bilə bilmərik. Yalnız seysmoloji xəritə əsasında qismən nəyisə müəyyənləşdirmək olar.
Cənub zonasında yerləşən dağ silsiləsi ən cavan dağ sistemidir. Həmin ərazilərdə qalxma prosesi gedir. Bu ərazilərdə 5-7 bal arası zəlzələnin olmağı normal haldır və gözləniləndir."
Seysmoloq qeyd etdi ki, ümumiyyətlə, Azərbaycanda da tektonik hərəkətlər tez-tez qeydə alınır. Sadəcə balı aşağı olduğu üçün biz bunları hiss etmirik:
"Dünyanın üç ən böyük tektonik cəhətdən yüksək olan seysmik qurşaqları var. Bunlardan biri Alp-Himalay qurşağıdır ki, biz də bura daxilik. Bu qurşağa daxil olan ölkələrdə zəlzələ olması çox adi haldır"
Ə.Əliyevin sözlərinə görə, təbii fəlakətdən sığortalanmadığımız halda, bu barədə ciddi şəkildə düşünməli və tədbirlər görməliyik:
"Hökumət ciddi bir qərarla Fövqəladə Hallar Nazirliyinə, yerli icra orqanlarına tapşırmalıdır ki, tikilən binalar mütləq seysmoloji baxımdan mühitə uyğun tikilməlidir. Çünki Bakı, Gəncə, Quba, Şamaxı bu ərazilərdə 8-9 ballıq zəlzələ olma ehtimalı daha böyükdür.
İnsanları zəlzələ yox məsuliyyətsizlik öldürür. Belə halların olmamağı üçün tədbirlər görməliyik. Əgər başqa ölkədə 9 bal gücündə zəlzələdə bina çökmürsə, demək ki, ərazilərini nəzərə alaraq binaları dayanıqlı tikiblər".