​Azərbaycanda yanacaqla bağlı əhaliyə VACİB XƏBƏR - BAHALAŞACAQ?

​Azərbaycanda yanacaqla bağlı əhaliyə
16:00 23.08.2023
A- A+

Neft bazarındakı dalğalanmalar dizel və benzin qiymətlərinə, eyni zamanda dolların məzənnəsinə təsir etməkdə davam edir.

“OPEC+”in tədarük qərarları, FED-in monetar siyasəti, Rusiya və Çin tərəfindən həyata keçirilən siyasət "Brent" neftə olan tələbata təsir etdiyi kimi, benzin və dizel qiymətləri üçün də müəyyənedicidir. Son məlumatlara görə, Avropada dizel istehsalında kəskin azalma var. Neft emalı zavodlarının istehsalı azaltması da vəziyyəti bir qədər çətinləşdirib. 

 
"CNN" yazır ki, Avropa və Asiya yollarında dizellə işləyən minik avtomobilləri nəzərəçarpacaq dərəcədə çox olsa da, neft emalı zavodları istehsalı artırmaqda maraqlı deyil. Nəşrin təklifinə görə, əgər Birləşmiş Ştatlarda daha çox sürücü dizellə işləyən avtomobillərə keçmək istəsə, bu, dizelin qiymətini daha da ucuzlaşdıra bilər. Nəticədə, yanacaqdoldurma məntəqələri rəqabətli qiymətlərlə standart dizel və ya daha ekoloji cəhətdən təmiz biodizel təklif edəcəklər.

Vəziyyətin ölkəmizə təsirləri barədə Metbuat.az iqtisadçı ekspert Eldəniz Əmirovla söhbət edib. Ekspert bildirdi ki, Azərbaycanda dizel yanacağı ilə bağlı qıtlıq yaranmasına dair proqnozları ciddi qəbul etmir:

“Hazırda avtomobil sənayesi sahəsində yeni trendlərə, alternativ enerjiyə keçid, ekologiyanın qorunması, dekarbonizasiya proseslərinin sürətlənməsi işləri aparılır. Yəni bu proseslərin özü dizel yanacağına olan tələbi azaldır. Tələbin azalması istehsala təsir edir. Əks halda həyəcanlanmağa səbəb olardı. Amma hazırkı vəziyyətdə bunun hansısa bir narahatlıq yaradacığını düşünmürəm.

Avropa ümumiyyətlə dizel yanacağı ilə işləyən avtomobil istehsalını əksər ölkələrdə artıq saxlayıb. Neft emalı zavodları dizel istehsalını daha keyfiyyətli yanacaqla əvəz etməyi düşünürlər. Bu sahədə təcrübələr aparılır. Yaxın 20 il ərzində dünyanın aparıcı ölkələrində bu yanacaq növü ilə tamamilə vidalaşsa da, üçüncü dünya ölkələrində hələ uzun müddət istifadə ediləcəkdir. Ümumiyyətlə, indi inkişaf etmiş dünya ölkələrində dizel istehsal edəcək müəssisələr də azdır”.


Dünyada yanacaq bazarında dəyişən qiymət faktorunun Azərbaycana təsirləri ilə bağlı müsahibimiz vurğuladı ki, Azərbaycanda yaxın dövrlərdə benzinin qiymətində artım olacağını düşünmür.


“Çünki benzinin qiyməti kifayət qədər qaldırılıb. Ümumiyyətlə, yüksək oktanlı benzinin qiyməti birmənalı olaraq yuxarıdır. Digər oktanlı benzinin qiymətinin qalxması üçün şərait yoxdur”.

Xatırladaq ki, sonuncu dəfə 2022-ci ildə Azərbaycanda Aİ-95 premium markalı benzinin qiyməti artırılıb. Premium markalı Aİ-95 markalı benzinin qiyməti 0,4 manat bahalaşıb.

Nazirlər Kabinetinin “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” 23 avqust 2022-ci il tarixli Qərarı ilə Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının aksiz dərəcələrində dəyişiklik olunub. Qərara əsasən, Aİ-92 markalı avtomobil benzininin aksiz dərəcəsi 42 faİzdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi isə 18 faizdən 18,3 faizə dəyişdirilib./metbuat.az