Azərbaycanda avtomobillər texniki baxışdan keçirilərkən utilizasiya haqqı ödənəcək.
Bu barədə Trend-ə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, bununla bağlı məsələ "İstehsalat və məişət tullantıları haqqında" qanuna edilən dəyişikliklərdə əksini tapıb.
O qeyd edib ki, utilizasiya rüsumu Utilizasiya Fonduna köçürüləcək. Rüsumun məbləği hələ bəlli deyil. Bu istiqamətdə işlər gedir, Nazirlər Kabinetinin qərarı olmalıdır", - deyə komitə sədri bildirib.
S.Qurbanov vurğulayıb ki, Azərbaycanda 2014-cü ildən avtonəqliyyat vasitələrinin istehsalına və idxalına Avro-4 standartı tətbiq olunur.
"Lakin bu qərar qəbul olunanadək ölkəyə gətirilmiş köhnə maşınlar hələ də istismar olunur. Yeni avro standartların tələbinə əsasən, nəqliyyat vasitələrinin istehsalı zamanı dəm qazı üçün norma 0,5-1 qram/km olmasına baxmayaraq, köhnə maşınlarda bu tullantılar qat-qat artıq olur. Eləcə də, karbohidrogen, azot oksidləri və bərk hissəciklərlə bağlı da vəziyyət eynidir. Bu da onu göstərir ki, köhnə nəqliyyat vasitələri daha çox tullantı yaranmasına səbəb olur", - deyə komitə sədri bildirib.
Onun sözlərinə görə, iqlimə təsirlər nöqteyi-nəzərindən də köhnə avtomobillərin havaya daha çox karbon qazı atdığını nəzərə alaraq, belə avtomobillərin yenisi ilə əvəz olunması ətraf mühitin mühafizəsi baxımından çox vacibdir:
"Belə ki, köhnə minik avtomobili atmosferə hər kilometr üçün 300-350 qram karbon qazı atırsa, yeni və ya Avro-4 standartı ilə çalışan minik avtomobili 110-150 qram karbon qazı atır. Beləliklə, 3000 köhnə minik avtomobilinin yenisi ilə əvəz edilməsindən əldə edilən karbon azalması təxminən 6000 ton təşkil edir".
Qeyd edək ki, "İstehsalat və məişət tullantıları haqqında" qanuna edilən dəyişikliklərdə Azərbaycanda köhnə avtomobillərin utilizasiyası nəzərdə tutulur. Yararsız nəqliyyat vasitələrini utilizasiyaya verən vətəndaş yerli avtomobil almaq üçün güzəşt, yaxud birdəfəlik ödəniş hüququ qazanır.
Qanuna dəyişikliklər 27 iyul 2023-cü il tarixində Prezident İlham Əliyev tərəfindən təsdiq edilib və qanunun tətbiqi ilə bağlı müvafiq qurumlar tərəfindən norma və qaydalar hazırlanır. Qanunun 2024-cü il sentyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.