“Elə bildim ki, toyum iki saata bitdi. Toyumdan doymadım, bol rəqs edə bilmədim. Toyumun həmin gecəsi Dubaya bal ayına gedirdik. Düzdür, çox rəqs etdik. Amma doymadım. Toyumda dostumu da tanıdım, məni istəməyən insanları da tanıdım. Kimi ki, toyumda gözləyirdim və ondan çox böyük gözləntilərim vardı, həmin o insanlar toyuma gəlib, yalandan küsüb getdilər. Kimdən ki, gözləmirdim, o insanlar o qədər içdən və ürəkdən toyumda iştirak etdilər ki... Dedim ki, həyat doğrudan da çox qəribədir”.
Bu sözləri ötən ay təmtəraqlı şəkildə toyu olan aparıcı Çinarə Əliyeva qonaq olduğu “Özəl” verilişində deyib.
Televiziya ulduzu söz verib, lakin toyuna gəlməyən məşhurları efirdə biabır edib. Çinarə bildirib ki, Sevil və Sevinc Səfərova bacılarını həm ad gününə, həm də toyuna dəvət etsə də, onlar hər iki məclisə gəlməyiblər.
“Ən çox xoşuma gəlməyən Sevil və Sevinc Səfərova bacılarının hərəkəti oldu. Onlar toyuma gəlmədilər. Qızların xətirlərini çox istəyirəm. Onlar məndən iki dəfə xahiş ediblər, bir dəfə məclislərində, bir dəfə də yaxınlarının mağaza açılışında iştirak etməyimi. Mən də canla-başla iştirak edib, hətta öz sosial şəbəkə hesabımda paylaşım da etmişəm. Restoranımın açılışı oldu, bacıları çağırmışdım, gəlmişdilər.
Doğum günü məclisi keçirdim. Sevil və Sevinci dəvət etsəm də, gəlmədilər. Toyuma bacıları dəvət etdim və özlərinə söylədim ki, ad günümdə gəlmədiniz, amma toyumda mütləq iştirak etməlisiniz. Söylədilər ki, ayıb olar, gələcəyik. Toyuma iki gün qalmış qızlarla yenidən əlaqə saxladım. Söylədilər ki, gələcəyik. Amma gəlmədilər. Türkan Vəlizadə əvvəlcədən gələ bilməyəcəyini dedi, amma toyuma öz bacısını yolladı. Sərxan Kərəmoğlu Şəkidə olduğuna görə, gələ bilmədi. Amma mənə söz verənlər toyuma gəlmədilər”.
Aparıcı həmkarı Afaq Gəncəlinin də sözünü tutmadığı və ondan incidiyini vurğulayıb:
“Afaq Gəncəlini də toy məclisinə dəvət etmişdim. Amma gəlmədi. Düzdür, o, hədiyyəsini yollamışdı. Amma onu sonra Zümrüd Bədəlovanın doğum günündə gördüm. Ona söylədim ki, keçən il doğum günü etdim, səni çağırdım, gəlmədin. Toyum oldu, səni çağırdım, yenə də gəlmədin. Bu, toydur. Bu, ad günü deyil ki, gələn il gələsən. Toy həyatda bir dəfə olur. Afaqa sual verdim ki, bəlkə, sən özünü mənə yaraşdırmırsan? Cavab verdi ki, yox və pis olub məni qucaqladı.
Dedi ki, səni çox istəyirəm. Ona dedim ki, nişanımın sabahısı günü bütün efirlər məndən xahiş etdilər ki, verilişlərinə gəlim, amma sən zəng vurub söylədin ki, canlı efirimə gəlməlisən. Və mən də onun sözünü iki etmədim, verilişinə getdim. Afaqa dedim ki, səndən özümə qarşı bu münasibəti gözləmirdim”.
Çinarə müğənni Nura Surinin toyundan inciyib getdiyini açıqlayıb:
“Müğənni Nura Suri toyumdan küsüb getdi. Nura üçün üç masa dəyişdirdik. Yenə də narazı oldu. Nuranın xasiyyəti belədir də, hər şeydən narazıdır. Şəbnəm Tovuzlu toyuma gəlməsə də, qızını yolamışdı. Ceyhun Qala da mənə sonra dedi ki, toyundan küsüb getdim. Çünki mənə dedilər ki, orada yox, burada otur. Müğənnilərə toydan əvvəl demişdim ki, ürəyiniz harada istəsə, orada oturun. Tolik dedi ki, Bodrumdayam gələ bilməyəcəyəm”.
Aparıcı müğənni Ayan Babakişiyevadan da küsdüyünü etiraf edib. O bildirib ki, Ayan toya gələcəyini söyləsə də, lakin sözünə əməl etməyib:
“Ayan Babakişiyeva söz verdi ki, toyuma gələcək, gəlmədi. Sonra onu Zümrüdün ad günündə gördüm. Ona tərəf heç baxmadım. O isə söylədi ki, bilirəm ki, məndən incimisən. Başa düşmürlər ki, mən onlar üçün masa saxlatdırmışdım. Deyirlər ki, gələcəyik, amma gəlmədilər.
Eybi yox, mən də zamanı gələndə onların elədiyini artıqlaması ilə qaytaracam. Çünki mən cavab verməyi sevirəm. Niyam Salami də mənə söylədi ki, toyda danışmadığım insan olsa da, gəlib iştirak edib, səninlə rəqs edəcəm. Amma o da söz verdi, gəlmədi. Mən sizin 300-500 manat pulunuza qalmamışam. İstəyirdim ki, sadəcə toyumda istədiyim insanlar iştirak etsinlər. Onsuz da sabah onlar mənə yenə ağız açıb, zəng edəcəklər”. Qeyd edək ki, Çinarə Əliyeva iyulun 17-də plastik cərrah Ruslan Rəsul ilə ailə qurub. /bizim.media