Ballıqaya faciəsi ilə Ermənistan insan hüquqları sahəsində mövcud olan beynəlxalq sənədlərin tələblərini kobud şəkildə pozub.
Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Ballıqaya faciəsi ilə bağlı “X”dəki paylaşımında qeyd olunub.
Bildirilib ki, 1992-ci il avqustun 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonunun Ballıqaya kəndində dinc azərbaycanlılara qarşı qətliam törədilib:
“Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktlarından biri olan Ballıqaya faciəsi zamanı bütün beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə zidd olaraq mülki insanlar hədəfə alınmış, 6-sı azyaşlı olmaqla, 24 nəfər azərbaycanlı amansızlıqla qətlə yetirilib. Ermənistanın ölkəmizə qarşı soyqırımı siyasətinin bariz nümunələrindən biri olan bu cinayət əməli nəticəsində insan hüquqları sahəsində mövcud olan beynəlxalq sənədlərin tələbləri kobud şəkildə pozulub”.