​İşaxtaran və işsiz şəxslərin NƏZƏRİNƏ: Azərbaycanda yeni iş yerləri açılır

​İşaxtaran və işsiz şəxslərin NƏZƏRİNƏ:
10:30 30.08.2023
109 Toplum
A- A+

Avqustun 28-də Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı” qəbul olundu. Dövlət Proqramında sosial xidmət sahələrinin inkişafı üçün bir sıra islahatların və layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Bu işlər sırasına “Sosial işçi”, “Sosial xidmətçi”, “Sosial pedaqoq” və “Sosial iş üzrə mütəxəssis-psixoloq” peşələri üçün peşə və kvalifikasiya standartları təsdiq edilməsi daxil edilib.

Bu layihəyə ilkin mərhələdə hansı kateqoriyadan olan insanlar daxil olunacaq? Bu layihə regionlarda məşğulluğun artırılmasına hansı töhfləri verəcək?

Mövzu ilə bağlı Bizim.Media-nın suallarını cavablandıran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı” 2026-cı ilin sonunadək hamı üçün bərabər iştirak imkanını təmin edən sosial xidmətlər sisteminin və bu sahədə ixtisaslı kadr potensialının formalaşması, sosial xidmətlərin əhatəsinin genişlənməsini əhatə edir:

“Proqramda həmçinin, ünvanlılığının və keyfiyyətli xidmətlərə əlçatanlığın təmin edilməsi və əhalinin göstərilən xidmətlərdən məmnunluq səviyyəsinin artması, bu sahədə dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi, elektron xidmətlərin təkmilləşməsi və yeni e-xidmətlərin tətbiqi və s. kimi hədəflər hərtərəfli əhatə edilir. Peşə və kvalifikasiya standartı işçinin yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələblərin məcmusudur və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkilində, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır”.

Nazirlik rəsmisi, son 5 ildə ƏƏSMN tərəfindən mindən çox peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq olunduğunu diqqətə çatdırıb:

“Dövlət Proqramının əsas hədəflərindən biri də sosial xidmət sahəsində rəqabətqabiliyyətli kadr potensialının inkişafıdır. Bunun üçün də “Sosial işçi”, “Sosial xidmətçi”, “Sosial pedaqoq” və “Sosial iş üzrə mütəxəssis-psixoloq” peşələri üçün peşə və kvalifikasiya standartları da hazırlanaraq təsdiq ediləcək. “Sosial xidmət haqqında” Qanuna əsasən, sosial xidmət - çətin həyat şəraitində yaşayan şəxsin (ailənin) sosial problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirlərdir.

Qanuna əsasən, çətin həyat şəraiti dedikdə, buraya şəxsin (ailənin) sosial xidmətə götürülməsi üçün əsas yaradan və həyat fəaliyyətini obyektiv surətdə pozan, təkbaşına aradan qaldıra bilmədiyi hal nəzərdə tutulur. Yəni, sosial xidmətlər hansı şəxslər ki, çətin həyat şəraitində yaşayırlar, onların bu və ya digər səbəbdən sosial-psixoloji vəziyyətini, məişətini çətinləşdirən və təkbaşına bacarmadıqları problemlərin həllində dövlət dəstəyini nəzərdə tutan xidmətlərdir.

Həmin şəxslərin sırasına xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti və onlara qulluq, köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları olmayan şəxslər, əlilliyi olan uşaqlar, yaxud valideynlərini itirən və ya valideyn himayəsindən məhrum olan uşaqlar, baxımsız və ya sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar, məişət zorakılığından zərər çəkənlər, müəyyən yaşayış yeri olmayanlar, insan alveri qurbanları və digər kateqoriyalardan olanlar sosial xidmət sistemi ilə əhatə olunublar. Yeni Dövlət Proqramında nəzərdə tutulan tədbirlər də sosial xidmətlər sisteminin əhatə etdiyi həmin kateqoriyalara yönəlib”.

F.Talıbov, dövlət sifarişi ilə icra olunan sosial xidmət layihələrinin miqyasının genişlənməsinin ölkədə yeni iş yerlərinin açılmasına, eləcə də məşğulluğunun təminatı işlərinə də töhfə verdiyini qeyd edib:

“Bu iş yerləri sırasına layihə menecerləri, sosial işçilər, psixoloqlar, uşaq inkişafı mütəxəssisləri, tərbiyəçilər, pedaqoqlar, loqopedlər və b. daxildir. Dövlət Proqramında da dövlət sifarişi ilə sosial xidmət sahəsində həyata keçirilən layihələrin sayının hər il 10 faiz artmasına nail olunması hədəfi əksini tapıb. Bu da həmin layihələr üzrə ölkədə, o cümlədən Bakı şəhəri və Abşeron rayonunda sosial xidmətlər sahəsi üzrə yeni iş yerlərinin, məşğulluq imkanlarının artmasına müsbət təsir edəcək.

Sənədə, Elm və Təhsil Nazirliyi ilə birgə fəaliyyətə sosial xidmət sahəsində yüksəkixtisaslı və peşəkar kadr hazırlığının həyata keçirilməsi məqsədilə ali təhsil müəssisələrində mövcud təhsil proqramlarının təkmilləşdirilməsi, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət göstərilməsi və sosial işin təşkili üçün yeni təhsil proqramlarının qəbul edilməsi kimi işlər daxildir. Dövlət Proqramının icrası ilə bağlı tərkib hissəsi kimi Tədbirlər Planı da mövcuddur və sənədin icrası üzrə bütün görüləcək tədbirlər əhatə olunub.