​Əhalini SEVİNDİRƏCƏK XƏBƏR – Yeni qatarlar, stansiyalar...

​Əhalini SEVİNDİRƏCƏK XƏBƏR
12:37 07.09.2023
158 Sosial
A- A+

“2024-cü ildə 10 yeni qatarın alınması nəzərdə tutulub. Bu qatarların dördü bu ilin sonunda ölkəmizdə olacaq. Lakin qatarlar 2024-cü ildə istismara buraxılacaq. Ümumilikdə gələn il 10 qatarın fəaliyyətə başlaması nəzərdə tutulub”.

Bu sözləri BAKU.WS-ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova bildirib.

Onun sözlərinə görə, bu qatarlar sərnişindaşımada vətəndaş məmnunluğunu təmin edəcək və müsbət dinamika yaradacaq:

“Yeni qatarlarla Abşeron dairəvi dəmir yolu xətti üzrə reyslərin sayı artırılacaq. Bu, tıxacların aradan qaldırılmasına və daha çox sərnişinin bizim xidmətdən istifadə etməsinə səbəb olacaq. Həmçinin Bakı-Ağstafa üzrə hər gün səhər iki qatarın getməsi və axşam reysi ilə iki qatarın Ağstafadan Bakıya gəlməsi təmin olunacaq.

Bundan əlavə bizim Bakı-Qələbə-Bakı istiqaməti üzrə sürətli qatarlarımız hərəkət edir. Hazırda həmin istiqamət üzrə həftəsonları qatarlar hərəkət edir. Yeni qatarların istismara buraxılmasından sonra Qəbələ istiqamətində də gündəlik reyslərin təşkil edilməsi nəzərdə tutulub”.
 
ADY rəsmisi əlavə edib ki, bu ilin 3 iyul tarixində Bakı-Ağstafa üzrə Tovuz rayonunun Qovlar stansiyasına dayanacaq verilib:

“Çünki həmin ərazidə böyük sərnişin tələbatı var idi. Bundan başqa yaxın həftələrdə Şəmkir rayonunun Dəllər stasiyası da istifadəyə veriləcək. Bura vaxtilə ən çox qatarlardan istifadə edən stansiyalardan olub.

Sürətli qatarın bu stansiya da dayanması nəzərdə tutulur. Hazırda qatarların həmin stansiyada dayanması üçün infrastruktur yenilənmələri aparılır. Bu ilin sonuna kimi Şəmkir rayonunun ən çox sərnişin potensialı olan Dəllər stansiyasına da dayanacaq verilməsi təmin olunacaq”.

Sənubər Nəzərova Abşeron dairəvi dəmir yolu xətti üzrə açılması planlaşdırılan dayanacaqlar barədə də danışıb:

“Bu istiqamət üzrə yeni stansiyaların açılması iki məsələdən ibarətdir. Hazırda bəlli qatar sayı ilə bu istiqamətdə yalnız mövcud stansiyalarda dayanmaq mümkündür. 10 yeni qatarın gəlməsindən sonra Abşeron dairəvi ətrafında hansısa stansiyalara dayanacaq verilməsi nəzərdən keçirilə bilər. Bu məsələdə platformaların mövcud vəziyyəti və sərnişin tələbatı mühüm rol oynayır.

Yeni qatarların gəlməsindən sonra Abşeron dairəvi dəmir yolunda xeyli sərnişini götürməklə yanaşı, sərnişin tələbatının harada artmasına baxılacaq. Bundan sonra həmin istiqamətlərdə platformaların yenilənməsi, infrastrukturun sağlamlaşıdırlması istiqamətində addımlar atılacaq.

Konkret hansı ərazilərdə yeni stansiyaların açılma ehtimalı barədə məlumat vermək mümkün deyil. Lakin adiyyəti əməkdaşlar infrastruktura baxış keçirir və sərnişin tələbatı təhlil olunur. Ən çox sərnişin axınının harada olması müəyyənləşdirilir. Haradan sərnişin götürməklə ictimai nəqliyyatın üzərinə düşən yükün nisbətən azaldılması təhlil olunur. Bu təhlillər nəticəsində yeni stansiyalarla bağlı qərarlar veriləcək”.