Xəbər verdiyimiz kimi əfsanəvi diplomat - tərcüməçi, Rusiya televiziyasının mogiqanı Ənvər Nazim oğlu Məmmədov 100 yaşında vəfat edib.
Bizim.Media Ənvər Məmmədov haqqında 10 maraqlı faktı təqdim edir:
1. Onun atası Nazim Rauf oğlu Məmmədov Bakının tanınmış ailələrindən birində doğulub. Anası Olga Alekseyevna Məmmədova (İvanova), Rusiya zadəgan ailəsindən çıxmış və ana xətti ilə Lev Tolstoyun qohumu idi.
2. 1945-ci ildə Nürnberq məhkəmələrində hərbi tribunalın tərkibində ən gənc diplomat idi. Leytenant Məmmədov tərcümə bürosunun rəhbərinin müavini kimi dörd dildən surdo tərcüməçi rolunu yerinə yetirib. Məhkəmədə cəmi 3 SSRİ vətəndaşı vardı – hökümət nümayəndəsi Oleq Troyanovski (İ. Nikitçenko), prokuror Roman Rudenko və tərcüməçi Ənvər Məmmədov.
3. Ənvər Məmmədov Nikita Xuruşovun ən etibar etdiyi adamlardan idi. 1956-cı ildə Xruşşovun ABŞ-a ilk və son səfərində onu məhz Məmmədov müşayət edib. Xruşşovun BMT-nin iclaslarındakı məşhur çıxışı zamanı da onlar birgə olublar.
4. Ənvər Məmmədov SSRİ-də " Siyasi Büronun seçilmiş jurnalisti" xüsusi statusunu alan iki şəxsdən biri idi. 1960 - cı ildə o, "Sovinformbüro” sədrinin birinci müavini, 1961 – ci ildə APN ("Novosti" Agentliyi) sədrinin birinci müavini, 1962-ci ildə isə SSRİ Dövlət Teleradio Komitəsi sədrinin birinci müavini vəzifələrinə təyinat alır.
Ətraflı
5. "Mayak” radiostansiyasının yaradıcısı məhz Ənvər Məmmədovdur. Kubada işləyərkən orada dəqiq vaxt siqnallarının vaxtaşırı verildiyi "Saat" radiostansiyası var idi. Məmmədovun yalnız xəbərlərin gedəcəyi və vaxtın bildiriləcəyi radio yaratmaq qərarı Siyasi Büronun əvvəlcə xoşuna gəlmədi. Onu "cəfəngiyat” adlandırdılar. Belə olan vəziyyətdə o, işin ideoloji tərəfindən məsələyə girişdi. "Mayak"ın köməyi ilə "düşmən səslərini" boğmağı təklif etdi. Təkliflə dərhal razılaşdılar. SSRİ-də ən populyar radiostansiya beləcə yarandı.
6. Məşhur "Baharın 17 anı" serialında almanların ağıllı göstərilməsi ideyası da məhz məşhur həmyerlimizə məxsusdur.
7. Alla Puqaçovanın mikrofona oxuması görüntülərini böyük planda göstərməyi qadağan edən qərarı aradan qaldıran da Ənvər Məmmədov olub.
8. Dünyaca şəşhur "Aşkar-inanılmaz" və "Nə? Harada? Nə vaxt?", "Vremya”, "Heyvanlar aləmində” proqramlarına həyat verənlərdən biri də Ənvər Məmmədov olub.
9. Rusiyanın tanınmış teleaparıcısı, jurnalist Vladimir Pozner zaman-zaman anti-Azərbaycan mövqeyindən çıxış etməsinin tək səbəbi Ənvər Məmmədova qısqanclığından qaynaqlanır. Çünki, 70-ci illərin əvvələrində Məmmədov Pozneri televiziyadan qovmuşdu.
10. 1985-ci ildə Mixail Qorbaçovun SSRİ rəhbərliyinə gətirilməsindən dərhal sonra ilk işi ermənilərin təzyiqi ilə Ənvər Məmmədovu SSRİ Dövlət Teleradio Komitəsi sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırmaq oldu. Məhz bundan sonra ermənilər Rusiya telekanallarında geniş meydan əldə etdilər.