Bakıda Qaradağ rayonu ərazisində bir qrup sakin içməli suyun verilməməsi ilə bağlı problem yaşayır.
Bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat daxil olub.
Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsi, 20-ci binanın sakinləri bildirir ki, 6 gündür evlərinə su gəlmir və acınacaqlı vəziyyətlə üzləşiblər.
Yaranmış vəziyyətlə bağlı adiyyəti quruma müraciət etsələr də problemləri öz həllini tapmır.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı BAKU.WS-ə bildirib ki, son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq həddən artıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində emal olunan suyun həcmi xeyli azalıb:
"Bununla əlaqədar Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ və Səbail rayonlarının bir hissəsinə içməli su məhdudiyyətlərlə verilir.
Bu gündən etibarən emal prosesi bərpa olunub. Artıq xəttə suyun vurulmasına başlanılıb. Hissə-hissə bu problemlər öz həllini taoacaq".