​Sabah Bakıda dəhşətli tıxac olacaq: “Sözün əsl mənasında qara günlər başlayır”

​Sabah Bakıda dəhşətli tıxac olacaq:
14:01 14.09.2023
145 Toplum
A- A+

Sabahdan ölkədə təhsil müəssisələrinin açılması eyni zamanda  paytaxtda tıxacların da yaranmasına səbəb olacaq. Hər il sentyabr  15-i  eyni hadisənin şahidi oluruq.  Paytaxtın mərkəzi küçə və prospektlərinə uzunmüddətli  avtomobil tıxacları qaçılmaz olur.

Bəs bu tıxacların yaranmasında günahkar kimdir? Yolları tıxaclardan necə təmizləmək olar?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bundan qurtulmaq üçün hökmən ictimai nəqliyyatı inkişaf etdirmək lazımdır:

"Təəssüflər olsun ki, sabahdan sözün əsl mənasında qara günlər başlayır. Bunun baş verməməsi üçün çıxış yolları həmişə deyilib, müzakirə olunub və bir daha təkrarlamaq bəlkə də faydalı olacaq. Bunu  çıxış yolu ictimai nəqliyyatı inkişaf etdirmək, yol şəbəkəsini nəzarətdə saxlamaqdır. Yol infrastrukturunu qorumaq, düzgün idarə etmək, qurmaq lazımdır. Bütün bunlar düzgün formada həyata keçirilməlidir.

Məsələn, Bakı-Sumqayıt yolunda ilin hər günü tıxac var, səhər Bakı istiqamətində, axşam da Sumqayıt istiqamətində hər gün tıxac olur. Səbəb bəllidir, vətəndaş Sumqayıtda yaşasa da, iş yeri Bakıdadır. Ümumiyyətlə, Azərbaycanın 70 faizinin dolanışığı Bakıdan çıxır. Hamı Bakıya axışır. Rayonda iş tapa bilməyən Bakıya üz tutur. Əvvəl xaricə, Rusiyaya gedirdilər, indi isə yalnız Bakıya gəlirlər, çünki artıq Rusiyada da iş yoxdur. Artıq Rusiyada, Ukraynada olan həmvətənlərimiz də qaçıb Bakıya gəliblər. Quru sərhədlər bağlı olduğu üçün ticarətlə məşğul olmaq mümkün deyil, təyyarə də hamıya əlçatan, sərfəli deyil. Hamı Bakıda oturub. Azərbaycan Bakıdan ibarət deyil. Sosial-iqtisadi cəhətdən bölgələri inkişaf etdirmək lazımdır ki, insanlar bölgələrdə qalsınlar. Bu gün daxili miqrasiya prosesi gedir, rayonlardan Bakıya axın var. Kimi də dindirsən deyir ki, iş tapa bilmirəm.

Bəzilərinin düzgün, bəzilərinin səhv səbəbləri var, bəziləri tənbəldir, işləmək, mal-qara, toyuq-cücə saxlamaq istəmir, deyir gedim Bakıda "Prius"la sürücü işləyim, qoy desinlər ki, Əhməd kişinin oğlu Bakıda işləyir, şəhərdə yaşayır. Belə insanlar da var. Səbəblər köklüdür, bunların üzərində işləmək lazımdır. İnsanlara deyə bilməzsən ki, niyə gedirsən, amma onlara öz bölgələrində şərait yaratmaq lazımdır ki, iş üçün şəhərə gəlməyə məcbur olmasın, Bakı deyib bura qaçmasınlar".

Ekspert qeyd edib ki, mövcud problemlərin yaranmasında sabiq nəqliyyat naziri və onun komandasının səriştəsizliyi böyük rol oynayıb:

"Bakı-Sumqayıt yolunu bir neçə dəfə təmir edib, genişləndiriblər. Xırdalan dairəsindəki tunel tikiləndə biz təklif etdik ki, asma körpü olmalıdır, Koroğludakı modelin mini formasını orada tətbiq etmək lazımdır, lakin bunu etmədilər. Keçmiş Nəqliyyat Naziri Ziya Məmmədov və onun komandası vaxtilə bərbad nəqliyyat siyasəti yürüdüb və bu gün ictimai nəqliyyat, yol infrastrukturu çökür, qaldıra bilmirlər. Bu problemlər sanki onların dövründə basdırılmış minalardır, indi bir-bir partlayır. İctimai nəqliyyat inkişaf edə bilmir, yeganə çıxış yolu ictimai nəqliyyatı inkişaf etdirməkdir. İnsanlar üçün o qədər gözəl şərait yaradılmalıdır ki, onlar özü maşınla yola çıxmamağa, ictimai nəqliyyatdan istifadə etməyə qərar versin. Rayondan gəlib Bakıda kirayə qalan tələbə belə məcburdur ki, taksidən istifadə etsin, yoxsa dərsə gecikir. Yazıq tələbə nə qədər pul qazanır ki, hər dəfə bunu etsin?

Vaxtilə səkiləri satıblar, səkilərin yerində obyektlər, binalar tikiblər. Bunları həll etmək çətindir. Qara Qarayev prospektinin yaşıllıqlarını Xətai rayon icra hakimiyyətinin bir neçə başçısı məhv edib. Hamısı pulun qarşılığında edilib. İndi də Qara Qarayev prospektinin bir tərəfini avtobus zolağı, bir tərəfini geriyədönmə zolağı ediblər, vəssalam".