DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi Bakı şəhəri, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən "Santafe Beach" hoteldə əməliyyat keçirib.
"Santafe Beach" hotelinin icarədarı, 1977-ci ildə Göyçay rayonunda doğulmuş Gürcüstan Respublikası vətəndaşı Fəqan Salmanov saxlanılıb.
Aparılan araşdırma zamanı Fəqan Salmanovun 19 iyul 2018-ci il tarixdə icarəyə götürdüyü hoteldə otaqları çarpayı və yataq dəsti ilə təchiz edib, bundan sonra şəxsiyyəti istintaqa məlum olan və olmayan qadınların burda fahişəliklə məşğul olmasına şərait yaradıb. Bunun müqabilində hər müştəridən 20 manat məbləğində pul almaqla ödənişli əsaslarla fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edib.
Fəqan Salmanov məhkəmədə ifadəsində bildrib ki, hoteli Kənan Əhmədovdan icarəyə götürüb. O, həmçinin deyib ki, Kənan Əhmədovun sahibi olduğu digər obyekti - otelin altında yerləşən "Texas” gecə klubunu da icarəyə götürərək işlədib.
Təqsirləndirilən şəxs "Texas”ı icarəyə götürdükdən sonra qərara gəlib ki, klubda tanış olan kişi və qadınlara oteldə cinsi əlaqədə olmaları üçün şərait yaradıb. Bu yolla yaxşı qazanc əldə edə biləcəyini düşünüb. Gecə klubundan kənar müştərilər də otelə gəlib, onlara da "xidmət" göstərilib. O, 2018-ci ilin iyul ayından 2023-cü ilin fevral ayına kimi otelin otaqlarını müştərilərə 3-4 saat üçün 20 manata icarəyə verib. /Qaynarinfo