Bu gündən Azərbaycanda universitet və kolleclərdə tədris başlayıb.
Bəzi tələbələr, xüsusi bölgələrdən paytaxta gələrək təhsil alan şəxslər kirayə ev tutmaqda çətinlik çəkirlər.
Buna səbəb kirayə evlərin qiymətinin heç də münasib olmamasıdır.
Belə olan halda tələbələr üçün yeni yataqxanaların tikilməsi gündəmə gəlir.
Referans.az xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov BAKU.WS-ə bildirdi ki, tələbələrin yataqxanalarla təminatı xeyli müddətdir müzakirə olunur və bu istiqamətdə Asiya İnkişaf Bankı ilə danışıqlar da aparılıb:
“Təhsil sistemində vacib məqamlardan biri kampus yanaşmasıdır. Təəssüflər olsun ki, ölkədə universitetlərin ya yataqxanası yoxdur, ya da yataqxanaların sayı azdır. Bu da tələbələrin yataqxanalara yerləşdirilməsi istiqamətində çətinliklər yaradır.
Hesab edirəm ki, yataqxanaların sayının artırılması və daha uyğun qiymətə tələbələrə verilməsinə ehtiyac var. Bu, ona görə vacibdir ki, xüsusilə sosial dəstəyə ehtiyacı olan tələbələrin daha ucuz qiymətə yataqxanalarla təminatı reallaşar. Həmçinin kirayə mənzil bazarında qiymətlərin tənzimlənməsi baxımından vacibdir. Çünki yataqxanaların sayının az olması kirayə mənzil bazarında qiymətlərin artmasına təsir göstərir. Bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq fayadalı ola bilər. Çünki beynəlxalq təşkilatların cəlb edilməsi yataqxanaların daha ucuz qiymətə inşa edilməsi və tələbələrə sərfəli qiymətə təklif edilməsinə səbəb ola bilər”.
Mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Ramil osmanlı isə bəlli ərazilərdə tələbə yataqxanalarının inşa edilməsinin zəruruliyini vurğuladı:
“Hesab edirəm ki, yeni yataqxanaların inşaasını dövlətin üzərinə qoymamalıyıq. Bu prosesə mütləq sahibkarlar cəlb edilməlidir. Sahibkarları bu işə cəlb etmək üçün təşviqedici addımlar atılmalıdır. Müəyyən güzəştlər edilməli, dövlət tərəfindən torpaq ayrılmalı, ərazi üzrə infrstrauktur işləri görülməlidir.
Fikrimcə, nəqliyyat xərclərini nəzərə alaraq metrolara yaxın ərazilərdə tələbələr üçün yeni yataqxanalar salına bilər. "Xocəsən", “Avtovağzal”, “Dərnəgül”, “Azadlıq” və “Həzi Aslanov” stansiyalarının yaxınlığında yataqxanların salınması tələbələr üçün uğurlu ola bilər”.