Dünən səhər saatlarında Azərbaycan Qarabağda antiterror tədbirlərinə başlayıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Erməni silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub.
Sentyabrın 20-nə olan məlumata görə, hazırda Qarabağda antiterror əməliyyatları davam edir. Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeyi ehtiyat sursatla birlikdə məhv edilir.
Bəs Qarabağda gedən antiterror əməliyyatları hansı halda dayandırıla bilər?
Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Referans.az-a açıqlamasında bildirib ki, Qarabağdan son erməni silahlısı zərərsizləşdirilənə qədər döyüşlər davam edəcək:
“Hazırda davam edən antiterror tədbirləri Qarabağdan son erməni silahlısı çıxana və yaxud Azərbaycanın güc strukturlarına təslim olana qədər davam edəcək. Azərbaycan öz ərazilərində qeyri-qanuni silahlı birləşmələrinin qalmağına göz yuma bilməzdi. Bu fəaliyyətlər də kifayət qədər çox sayda təxribatlarla davam edən erməni silahlıları tamamilə zərərsizləşdiriləcək”.
Ehtiyatda olan polkovnik Ramiz Şərifov isə hesab edir ki, hərbi əməliyyatlar çox uzun çəkməyəcək:
“Çünki orada olan erməni seperatçıların qalıqlarının elə də güclü silah-sursatı yoxdur, dəstək mənbəyi də yoxdur. Bizim silahlı qüvvələrimiz onların infrastrukturunu və harada ki, silahlı bölmələri var, onları atəşə tutur. Mənə elə gəlir ki, bu qısa müddət davam edəcək və bu artıq son olmalıdır. Hər şey bu döyüşlərdən sonra bəlli olacaq. Erməni silahlı qruplarının tərksilah edilməlidir. Onlar silah-sursatlarını qoyub təslim olmalıdırlar. Əks təqdirdə Azərbaycan Silahlı Qüvvələri dayanmayacaq”.
Ali Baş Komandanımız və Müdafiə Nazirliyimiz hazırda qərar qəbul ediblər ki, bu problem qısa müddətdə və birdəfəlik həll olunmalıdır. Silahlı qüvvələrimiz və şanlı ordumuz bunun öhdəsindən məharətlə gələcək – deyə Ramiz Şərifov qeyd edib.