​Azərbaycanda deflyasiya: qiymətlər enir

​Azərbaycanda deflyasiya:
12:12 20.09.2023
A- A+

Azərbaycanda ardıcıl olaraq dördüncü aydır ki, deflyasiya müşahidə edilir. Avqust ayında əvvəlki aya nəzərən 0,4%-lik deflyasiya qeydə alınıb. İllik inflyasiya avqustda 8% təşkil edib ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış son illərin pik səviyyəsi ilə müqayisədə 7,6% bəndi aşağıdır. İllik ərzaq inflyasiyası 7,4%-ə enib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında qeyd olunub.

Bildirilir ki, ilik inflyasiyanın dinamikası həm xarici, həm də daxili amillərdən təsirlənib. Ticarət tərəfdaşı olan ölkələr üzrə orta çəkili inflyasiyada enişin davam etməsi ölkəyə inflyasiya idxalını azaldıb. Bu, əsasən dünya əmtəə qiymətlərinin azalması, qlobal iqtisadi aktivliyin zəifləməsi və əksər ölkələrdə həyata keçirilən sərt pul siyasəti ilə izah edilir. Dünya Bankının əmtəə bazarları haqqında son hesabatına əsasən ümumi əmtəə qiymət indeksi avqustda illik əsasda 29,6%, o cümlədən enerji qiymətləri üzrə 37,1%, qeyri-enerji qiymətləri üzrə 7,3% enib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, ərzaq qiymətləri indeksi avqustda aylıq əsasda 2,1%, illik əsasda 11,8% azalıb. Eyni zamanda valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin ilin 8 ayında 18% möhkəmlənməsi, qəbul edilmiş pul siyasəti qərarları monetar şərait vasitəsilə inflyasiya təzyiqlərini azaldıb.